Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri yarışında fərqlənən Dadaş Dadaşbəyli ilə görüşüb.

Rekord.az xəbər verir ki, o, bu turnirdə təkanla qaldırma hərəkətində gümüş, birdən qaldırma hərəkəti və yekun sıralamada da qızıl medal qazanaraq çempion olan atletimizi təbrik edib, qələbəsi üçün təşəkkür edib, növbəti yarışlarda uğurlar arzulayıb.

Nəbizadə qeyd edib ki, Azərbaycanda dövlətimizin, şəxsən Cənab Prezident İlham Əliyevin idmana yüksək səviyyədə diqqət və qayğısı var. Məhz bunun nəticəsində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda qələbələr qazanır, bayrağımızı yüksəldir, himnimizin səslənməsinə nail olurlar. Dadaşbəylinin uğuru da bu qəbildəndir. Bu qəbələlər hamımızı fərəhləndirir və qürurlandırır, idmanımızın inkişafına təkan verir. Kamran Nəbizadə belə görüşlərin mütəmadi olacağını bildirib, federasiyanın məqsədyönlü fəaliyyətinin nəticə verəcəyinə, Avropa və dünya çempionatları, Olimpiya Oyunları və digər beynəlxalq yarışlarda növbəti nailiyyətlərə inamını ifadə edib.

Dadaşbəyli federasiya rəhbərliyinə diqqətinə görə təşəkkür edib, bu görüşün ona böyük stimul olacağını bildirib. Atletimiz bundan sonra da ona olan etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini deyib.