Dünən Gəncə futbol ictimaiyyətində və "Kəpəz"də hazırkı baş məşqçi Yaşar Vahabzadədən narazılıqlar olduğu barədə xəbər yazmışdıq. Qeyd etmişdik ki, lazımi nəticənin olmaması, bununla yanaşı, mütəxəssisin öz yetirmələri ilə sərt davranması yaxşı qarşılanmayıb.

 

Bu gün "Kəpəz"in kapitanı Əli Səmədov redaksiyamızla əlaqə saxlayaraq durumla bağlı açıqlama vermək niyyətini bildirib. 23 yaşlı yarımmüdafiəçi hazırda I Divizionda istədikləri pillədə olmamalarına baxmayaraq, məşqçilərinin işindən razı qaldıqlarını, münasibətlərinin də yaxşı olduğunu bildirib: "Komandanın kapitanı olaraq bildirə bilərəm ki, biz Yaşar müəllimin işindən və bizimlə davranışından da razıyıq. O bizə həmişə dəstək olub, heç bir köməyini əsirgəməyib. Bəli, məşqlərdə məşqçi səsini qaldıra bilər, öz iradlarını bildirə bilər. Bu da onun tələbkarlığından irəli gəlir. Çünki hamımız da görürük ki, hazırda turnir cədvəlində istədiyimiz yerdə deyilik. Belə olanda əsəblərin gərilməyi normaldır. Amma bu sərtlik heç vaxt kobudluğa keçməyib və məşqçimiz bizimlə etik çərçivələr daxilində davranıb. Mən də kapitanam, bəzən mən də komanda yoldaşlarıma səsimi qaldıra bilirəm. Bu, təbii bir hadisədir. Amma yenə də təkrar edirəm ki, biz həmişə bir-birimizə hörmətlə yanaşmışıq: məşqçilər heyəti də, futbolçular da. Düşünürəm ki, komandamız qısa zamanda toparlanıb, yüksək pillələrə qalxacaq. Onsuz da xal fərqimiz böyük deyil və biz bu çətinliyin də öhdəsindən layiqincə gəlməyi bacaracağıq. Bunu gücümüz də var, potensialımız da".