Kapitanımız ÇL-dəki son qələbə ilə "CEV Cup"a vəsiqə qazandı
- 17 Yan 2024 10:17
- 272
Voleybolçu qadınlar arasında Çempionlar Liqasında qrup mərhələləri başa çatıb. "Rekrod.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu son matçda qazandığı qələbə sayəsində avrokubokda mübarizəni davam etdirir.
B qrupunda mübarizə aparan "Vasas" son qarşılaşmada Bolqarıstanın "Maritsa Plovdiv" klubunun qonağı olub. Cütün ilk matçında 2:3 hesabı ilə uduzan voleybolçumuzun komandası ümumi setlər hesabında üstün olduğundan bu oyunda istənilən hesablı qələbə ilə avrokubokda çıxışını davam etdirmək hüququ qazanacaqdı. Ayşən və rəfiqələri bu tapşırığın öhdəsindən artıqlaması ilə gələ biliblər. Macarıstan adını təmsilçisi bu görüşdə 3:0 (26:24, 25:19, 25:17) hesabı ilə qalib gəlməklə adını "CEV Cup"a yazdırıb. Komanda bu yarışda 1/4 finaldan mübarizəni davam etdirəcək və rəqibi Fransanın "Levallois Paris Saint Cloud" klubu olacaq.
Bununla "Vasas" klubla yanaşı, Macarıstan voleybolunda da tarix yazıb. Belə ki, "Vasas" ÇL-də qrup mərhələsini adlayan ilk Macarıstan komandası olub.
Komandasının tarixi nəticəyə imza atdığı görüşdə yığmamızın və "Vasas"ın kapitanı 7 dəfə fərqlənib. Abduləzimova bu xallardan 5-ni hücumda, 1-ni blokda, 1-ni də eyslə qazanıb. Ayşən hücumdakı nəticəsi 83 faiz olub və bu, qarşılaşmada ən yaxşı göstəricidir.