Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasının təsnifatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. 

Tərəflərin ilk görüşündə olduğu kimi cavab matçı da Macarıstan təmsilçisinin üstünlüyü ilə keçib. Qarşılaşmaya yaxşı başlayan Ayşən və rəfiqələri təşəbbüsü sonadək qoruyublar və meydandan 3:0 (25:10, 25:22, 25:18) hesablı qələbə ilə ayrılıblar.  

Komandasının çətinlik çəkmədiyi görüşdə yığmamızın kapitanı 12 xal dəfə fərqlənib. O, bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Abduləzimova bu xallardan 5-ni hücumda, 6-nı blokda, 1-ni isə eyslə qazanıb. 

Qeyd edək ki, "Vasas"ın ÇL təsnifatının ikinci mərhələsindəki rəqibi İspaniyanın "Tenerife" klubu olacaq.