Kapitanımız: "Çox istərdim ki, azarkeşlərimizi qələbələrlə sevindirək, amma olmadı"
- 27 Avq 2021 12:46
- 802
Avropa çempionatında qrup mərhələsini adlaya bilməyən qadın voleybolçulardan ibarət Azərbaycan millisi əvvəlki illərdən fərqli olaraq uğursuz çıxışı ilə yadda qaldı. "Rekord.az" xəbər verir ki, turnirə əsasən əvəzləyici heyət və bir neçə gənc oyunçu ilə qatılan komandamız nəinki qələbə, heç bir xal da qazana bilməyib.
Yığmamızın heyətindən ən təcrübəli voleybolçulardan olan blokçumuz Ayşən Abduləzimova 2-ci turda zədələnərək yarışla vaxtından əvvəl vidalaşıb. Millimiz qitə birinciliyində çıxışını başa vurduqdan sonra kapitanımızın sosial şəbəkə vasitəsilə yarışla bağlı fikirlərini bölüşüb: "Avropa çempionatının bizim üçün belə nəticə ilə bittiyinə çox təəssüflənirəm. Məlum səbəblərdən yığma komandamız istənilən oyunu göstərə bilmədi. Bu, elə bir vəziyyətdir ki, hər komanda üzləşə bilər. Əlbəttə ki, bu, bəhanə deyil. Sadəcə yarışın bizim üçün belə bitməsini biz özümüz də istəməzdik".
Abduləzimova azarkeşlərə təşəkkürünü də bildirib: "Qitə birinciliyində çıxış etdiyimiz bu günlərdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun ki, məğlub olmağımıza baxmayaraq, oyunların hamısını canlı izlədiniz, bizə dəstək oldunuz. Çox istərdim ki, azarkeşlərimizi qələbələrlə sevindirək, amma olmadı. Bununla belə, əminəm ki, biz yenidən əvvəlki qalib komanda olacağıq. Ardıcıl 9 dəfə Avropa çempionatında çıxış edən millimiz yenidən əvvəlki illərdəki kimi uğurlu nəticələr üçün meydana çıxacaq.
Bir daha dəstəkləriniz üçün hamınıza çox sağ ol deyirəm. Gözəl oyunlarımızın olacağı, qələbə və uğurlu nəticələr qazanacağımız növbəti yarışlarda görüşənədək".