Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının finalında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, kapitanımızın formasını geyindiyi "Vasas Obuda" finalda "Bekescaba"ya qarşı ikinci oyununu keçirib. 

İlk görüşdə qalib gələn voleybolçumuzun komandası bu dəfə də oyunu üstün başa vurub. 3 hissə davam edən matçda Ayşən və rəfiqələri quru hesablı qələbə qazanıblar - 3:0 (25:9, 25:10, 25:22).

Komandasının çempionluq yolunda mühüm qələbə qazandığı görüşdə millimizin və "Vasas Obuda"nın kapitanı 9 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 3-nü isə eyslə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında növbəti final oyunu aprelin 24-də keçiriləcək. Həmin qarşılaşmada qalib gələcəyi təqdirdə "Vasas Obuda" qızıl medala sahib çıxacaq.