Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas" 10-cu turda "KNRC" klubunun qonağı olub.

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda meydan sahiblərinə heç bir şans verməyən Ayşən və rəfiqələri qarşılaşmadan quru hesablı qələbə ilə ayrılıblar - 3:0 (25:15, 25:23, 25:18).

Komandasının çempionatda ardıcıl 10-cu qələbəsini qazandığı matçda yığmamızın və "Vasas"ın kapitanı 10 dəfə fərqlənib. Abduləzimova bu xallardan 7-ni hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, keçirdiyi bütün görüşlərdə qələbə qazanan "Vasas" 29 xalla turnir cədvəlində vahid liderlik edir.