Qadın voleybolçular arasında Macarıstan kubokunda növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi "Vasas" 1/4 finalda "MTK" klubu ilə üz-üzə gəlib.

Səfərdə baş tutuan cütün ilk qarşılaşması blokçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda Ayşən və rəfiqələri quru hesablı (3:0, 25:14, 25:13, 25:14) qələbə qazanmaqla növbəti mərhələ şansını artırıblar. 

Komandasının çətinlik çəkmədiyi oyunda millimizin və "Vasas"ın kapitanı 12 xal qazanıb. Abduləzimova meydan sahiblərini 6 dəfə blokda, 5 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.

Qeyd edək ki, cütün cavab matçı dekabrın 16-da "Vasas"ın meydanında keçiriləcək.