Kapitanımız Macarıstan kubokunun 1/2 finalına qələbə ilə başladı
- 25 Yan 2023 10:24
- 392
MAcarıstanda qadın voleybolçular arasında kubok yarışında yarım final mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi "Vasas" 1/2 finalda "Fatum" klubu ilə rəqib olub.
Cütün ilk qarşılaşması gərginliyi ilə yadda qalıb. Rəqib meydanında baş tutan görüşə blokçumuzun komandası yaxşı başlamayıb və 0:1 hesabı ilə geri düşüb. Bununla belə, "Vasas" növbəti iki hissəni aktivinə yazmaqla ümumi hesabda önə keçib - 2:1. Növbəti set isə kifayət qədər çətin alınıb. Ayşən və rəfiqələri meydan sahiblərinin ciddi müqaviməti ilə üzləşsə də rəqibə daha artıq sevinmək şansı verməyiblər. 4 hissə davam edən matçda "Vasas" 3:1 (23:25, 26:24, 25:18, 28:26) hesabı ilə qələbə qazanıb. Bununla da komanda cavab oyununa üstünlüklə çıxacaq. Voleybolçumuzun komandası fevralın 15-də doğma meydanda keçirəcəyi həmin görüşdə də qalib gələcəyi təqdirdə kubokun finalına yüksələcək.
Komandasının cavab oyunu öncəsi üstünlük əldə etdiyi matçda yığmamızın və "Vasas"ın kapitanı 16 xal qazanmaq qələbədə mühüm pay sahibi olub. Abduləzimova rəqibi 9 dəfə hücumda, 5 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib. Ayşən möhtəşəm göstəricilərlə də yadda qalıb. Belə ki, təcrübəli voleybolçumuz hücumda 75 faiz mükəmməl nəticə göstərməklə hər iki komandanın oyunçularını xeyli qabaqlayıb. O, həmçinin blokda da qarşılaşmanın ən yaxşı nəticəsini göstərib.