Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas Obuda" klubu CEV Kubokunun 1/4 finalında Polşanın "Radomka Radom" kollektivi ilə qarşılşıb.

Cütün ilk görüşü Budapeştdə baş tutub. Doğma meydandakı oyun voleybolçumuzun komandası üçün uğursuz başlayıb və meydan sahibləri ilk setdə uduzublar. Lakin "Vasas Obuda" sonradan təşəbbüsü ələ alıb və ardıcıl üç hissəni aktivinə yazdırıb. Ayşən və rəfiqələri 4 set davam edən matçda 3:1 (19:25, 25:20, 25:19, 25:21) hesabı ilə qalib gəliblər.

Komandasının yarımfinal şansını artırdığı görüşdə millimizin və "Vasas Obuda"nın kapitanı dörd dəfə fərqlənib. Cütün cavab matçı fevralın 18-də Polşada baş tutacaq.