Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsi başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vasas Obuda" klubu son turda Polşanın "Budowlani Lodz" kollektivi ilə qarşılaşıb. 

Budapeştdə baş tutan görüş gərginliyi ilə yadda qalıb. Tərəflər hərəyə iki set qazandığından görüşün taleyinə tay-breykdə aydınlıq gəlib. Həlledici hissə də kifayət qədər gərgin keçib. Uzatmalara qədər davam edən bu hissədə bəxt qonaqların üzünə gülüb.  5 set davam edən matçın yekununda Ayşən və rəfiqələri 2:3 (25:21, 23:25, 15:25, 25:22, 18:20) hesabı ilə uduzublar. D qrupunda 3-cü yeri tutan "Vasas Obuda" Çempionlar Liqası ilə vidalaşsa da, avrokubokda yoluna davam edir. Belə ki,  voleybolçumuzun komandası CEV kubokunda mübarizə aparacaq. 

Komandasının qələbəni son anda əldən verdiyi görüşdə millimizin və "Vasas Obuda"nın kapitanı 10 xal qazanıb. Abduləzimova rəqibi 6 dəfə hücumda, 4 dəfə isə blokda məyus edib.