Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova "CEV Volleyball Cup"da yarimfinala yüksəlib. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas Obuda" klubunun 1/4 finaldakı rəqibi Polşanın "Radomka" kollektivi olub. 

Budapeştdə baş tutan cütün ilk görüşündə voleybolçumuzun komandası 3:1 hesabı ilə qələbə qazandığından cavab matçında əldə olunacaq iki set də növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Polşada keçirilən cavab görüşü "Vasas Obuda" üçün pis başlayıb və qonaq komanda 0:2 hesabı ilə geri düşüb. Lakin bundan sonra təşəbbüsü ələ alan Macarıstan təmsilçisi növbəti iki hissəni aktivinə yazdırıb və ümumi hesabı bərabərləşdirib. Bununla da, komanda yarimfinala vəsiqəni təmin edib. Formal xarakter daşıyan tay breyk isə meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. 

Beləliklə, 2:3 (15:25, 22:25, 27:25, 31:29, 12:15) hesabı ilə məğlub olan Ayşən və rəfiqələri qazandıqları iki set sayəsində turnirin yarımfinala yüksəliblər.

Komandasının möhtəşəm geridönüş etdiyi qarşılaşmada  millimizin və "Vasas Obuda"nın kapitanı 7 xal qazanıb. Abduləzimova meydan sahiblərini 5 dəfə hücumda, 2 dəfə isə blokda məyus edib.