Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, kapitanımızın şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu qitənin ən nüfuzlu yarışının seçmə mərhələsində ilk turda Belçikanın "VDK Gent Damas" kollektivi ilə üz-üzə gəlib.

Rəqib meydanında baş tutan ilk görüş voleybolçumuzun komandası üçün uğurlu keçib. İlk setdən təşəbbüsü ələ alan Ayşən və rəfiqələri üstünlüklərini sonadək qoruyublar. 3 set davam edən matçda meydan sahiblərinə heç bir şans verməyən "Vasas" quru hesablı qələbəni bayram edib - 3:0 (25:14, 25:12, 25:17).

Macarıstan təmsilçisinin çətinlik çəkmədiyi oyunda millimizin kapitanı rəqibi 6 dəfə məyus edib.

Qeyd edək ki, cütün cavab qarşılaşması oktyabrın 26-da Macarıstanda keçiriləcək.