Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstanın "Vasas" klubunun Çempionlar Liqasındakı qrup rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, buna CEV-in Lüksemburqda keçirdiyi avrokubokların 2013/2014 illər mövsümünün püşkatmasında aydınlıq gəlib.

Qitənin ən nüfuzlu yarışında mübarizə aparacaq komandalar hərəsində 5 kollektiv olmaqla 4 səbətdə yer alıblar. Dördüncü səbətdə olan Macarıstan təmsilçisi püşkatmaya əsasən B qrupuna düşüb. "Vasas"ın rəqibləri isə Türkiyənin "Eczaçıbaşı", İtaliyanın "Savino del Bene Scandicci" və Bolqarıstanın "Maritza Plovdiv" klubları olub.