“Karantin “Qarabağ”ın bütün planlarını dəyişdi” – Vaqner
- 24 İyn 2020 18:00
- 648
“Qarabağ”la yollarını ayıran braziliyalı futbolçu Vaqner da Silva ölkəsinin mətbuatına açıqlama verib.
Rekord.az “lance.com.br” saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı koronavirusa görə Azərbaycanda yaranan vəziyyətdən danışıb:
“Çox mürəkkəb bir vəziyyətdir, ancaq pandemiyaya nəzarət etmək üçün lazımlı tədbirlər görülür. Bu virusla ən yaxşı şəkildə mübarizə aparmalıyıq. Premyer Liqada artıq çempion elan olunub. Çünki sonra Çempionlar Liqasına hazırlaşmaq üçün vaxt qalmırdı.
Ölkədə yeni karantin rejimi tətbiq edilməzdən əvvəl “Qarabağ” məşqləri bərpa etdi və futbola hazırlıqlarını davam etdirirdi. Klub bütün üzvlərini testdən keçirdi və heç kimdə xəstəlik aşkarlanmadı. Yeni karantinin elan olunması “Qarabağ”ın bütün planlarını dəyişdi.
Məşqə uyğunlaşmaq asan oldu, heç bir çətinlik çəkmədik. Klubda heç kimdə virus olmasa da, tətbiq olunan karantin qaydalarına riayət etmək lazımdır.
“Qarabağ” çox yaxşı inkişaf edir. Davamlı olaraq Çempionlar Liqasının seçmə mərhələsində və Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Bu, Azərbaycan kimi kiçik ölkəyə böyük ölçü verir. Avropa yarışlarında iştirak etmək hər zaman klubları daha yüksək səviyyəyə aparır. Ən böyük hədəfimiz Avropa Liqasında qrup mərhələsini keçmək idi. Buna yaxınlaşmışdıq”.
Vaqner 2018-ci ildən “Qarabağ”da çıxış edirdi.