Rekord.az xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevin müsahibəsini təqdim edir:

 

– Koronavirusa görə Azərbaycan futbolsuz qalıb. Futboldan ötrü darıxmırsız, yoxsa ailə ilə birgə olmaq bunu unutdurur?
– 13-14 yaşımdan futbol oynayıram. Heç vaxt belə halla rastlaşmamışam. Dünya futbolunda heç vaxt bu qədər uzun müddətli fasilə olmayıb. Futbol həyatımızın ən önəmli hissəsinə, yaşayış tərzimizə çevrilib. Qalib olanda günümüz xoş, məğlub olanda pis keçirdi. Futbolun həyatımızdakı rolu çox vacibdir. Ailə ilə futbolu bir tutmaq istəmirəm. Çünki hərəsinin öz yeri var. Futbol oldu-olmadı, biz ailəmizin yanında olmalıyıq. Ailəmizlə vaxt keçirmək bizim üçün ən xoş günlərdən biridir. Ancaq bizi ikisinin də paralel şəkildə olması sevindirə bilər. Tezliklə bu problem həll olunar və biz də idmana geri qayıdarıq.

– Aydın məsələdir ki, ev şəraitində edilən idman komanda ilə edilənin yerini vermir. Hazırda çəkiniz nə qədərdir?
– Karantin müddətində artıq çəki almamışam. Ola bilsin ki, maksimum bu, 500 qram olsun. Çünki yeməyimə, evdəki rejimimə diqqət yetirirəm. Artıq çəki almağımız sonradan bizə ciddi problem yarada bilər. Bir daha qeyd edirəm ki, çəki ilə bağlı heç bir problemim yoxdur. Evdə qidalanmağıma xüsusi fikir verirəm. Hər şey qaydasındadır. Ona görə də çəkimi azaltmaqla bağlı dərdim yoxdur.

– Dünya futbolunda klublar oyunçuların maaşlarını azaltmağı təklif edirlər. Sizin klubda bu barədə futbolçularla söhbət olub? Bu məsələyə münasibətiniz necədir?
– Klub daha əvvəl bizə çox kömək edib. Nümunə olaraq demək istəyirəm ki, 2015-ci ildə ilk devalvasiya olanda klubumuz futbolçuların maaşlarına dəyməmişdi. Halbuki digər klublar bununla bağlı ciddi islahatlar aparmış, oyunçularının maaşını azaltmışdı. Bizdə isə devalvasiyanın kluba vurduğu maddi zərərə baxmayaraq, futbolçuların maaşında dəyişiklik edilməmişdi. Sözsüz, biz də istəyirik ki, klubumuzda nəticə qazanılması üçün maliyyə baxımından sabitlik olsun. İndiki vəziyyətdə baş məşqçi və klub prezidentinin maaşların azaldılması ilə bağlı təklifi olarsa, düşünürəm ki, “Qarabağ” futbolçuları bununla razılaşacaq. İnşallah, klubumuz bu mərhələdən zərərli çıxmaz. Çünki onların zərərli çıxması biz oyunçulara da təsir göstərə bilər. Şəxsən mən əlimdən gələni edəcəyəm ki, klub mənə görə ziyana düşməsin. Yəqin ki, çempionat bərpa olunandan sonra bu barədə danışıqlar olacaq.

– Bu sualı çox idmançıya vermişəm. Karantin dövründə gündəlik olaraq evdə nə işlə məşğul olursuz?
– Hər gün evdə idman edirəm. Bundan başqa, janrından asılı olmayaraq, kitab oxuyuram. Bu, həm karantin dövründə vaxtımı aparır, həm də məni maarifləndirir. İngilis və rus dili biliklərimi artırmağa çalışıram. Filmlər izləyirəm. Özünütəcrid qaydalarına riayət edirəm. Çalışıram ki, insanlarla görüşməyim. Onlayn formada bəzi dostlarımla danışıram. “Play Station” oynayıram. Yəni, evdə o qədər işim var ki, bəzən onların hamısını görməyə vaxtım çatmır. Bu müddəti pozitiv adlamağa çalışıram.

– Aprelin 9-da talassemiyadan əziyyət çəkən uşaqlara qan verdiz. Talassemiyalı uşaqların qan qıtlığından əziyyət çəkməsi barədə xəbəri haradan öyrəndiz?
– Ümumiyyətlə, bu barədə heç harda xəbər yox idi. Sonra “Qan Bankı”ndan bizə müraciət oldu. Dostumun təşəbbüsü ilə bu aksiyaya sevə-sevə qoşuldum. İstədim ki, qoşulmaqla bərabər digər idmançılara da çağırış edim. Düşünürəm ki, bu çağırışım uğurlu alındı. Bundan sonra da belə aksiyalarda iştirak edəcəyəm.

– “İnstagram”da 50 865 izləyiciniz var. Bu göstərici ilə Azərbaycanda ən çox izlənilən futbolçusuz. Sosial şəbəkələr hər hansı aksiyaya çağırış etməkdə imdadınıza çatır?
– Bəli. “İnstagram”dakı izləyicilərim bu baxımdan fəaldır. İstər futbolla, istərsə də sosial mövzuda çağırışlarımıza qoşulurlar. Hətta bəziləri bunu öz səhifələrində paylaşırlar. Çox insan keçirmək istədiyimiz aksiyalardan xəbər tutur. Düşünürəm ki, “instagram” çox faydalıdır.

– Sizin gizli şəkildə sosial yardım kampaniyalarında iştirak etdiyinizi bilirik. Ona görə bu sualı sizə verəcəyəm. İndi insanlara maddi yardım edənlərin sayı çoxalıb. Bunu videoya çəkib sosial şəbəkələrdə paylaşanlar da var. Belə hallara necə yanaşırsız?
– Hər kəs maddi yardım kampaniyasına fərqli yanaşır, etdiyi hərəkətin doğru olduğuna inanır. Burada əsas məsələ yardımlaşmaq, paylaşmaqdır. Nəinki xüsusi karantin günlərində, adi günlərdə də ehtiyacı olan insanlara yardım paylamaq lazımdır. Yardımlaşmasını videoya çəkəndən də, bunu gizli şəkildə edəndən də Allah razı olsun! Çünki onlar belə çətin dövrdə insanları düşünür, qonşularının, qohumlarının və ya heç tanımadığı aztəminatlı ailələrin qayğısına qalırlar. (oxu.az)