Karate Federasiyası 2022-ci ilə yekun vurdu
- 26 Dek 2022 17:30
- 475
Azərbaycan Milli Karate Federasiyası 2022-ci ilin yekunu ilə bağlı hesabat verib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, il ərzində qazanılan 159 medaldan 63-ü qızıl, 37-si gümüş, 59-u bürünc olub.
Milli üzvlərinin yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa və dünya çempionatında, həmçinin İslam Həmrəyliyi Oyunları və nüfuzlu beynəlxalq turnirlərdə göstərdikləri nəticələr nəzərə alınıb.
İdmançılar Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasının rəsmi yarışlarında Gənclər Liqasında 2 qızıl, 2 gümüş və 2 bürünc, Seriya A turnirində 1 qızıl, 1 gümüş, 4 bürünc, Premyer Liqada 4 qızıl, 3 gümüş, 5 bürünc, müxtəlif mötəbər beynəlxalq yarışlarda isə 18 qızıl, 7 gümüş, 15 bürünc medal qazanıblar.
Karateçilər həmçinin yeniyetmə və gənclərin Avropa çempionatında 3 qızıl, 2 bürünc medal, bu yaş qrupları üzrə dünya çempionatında 2 qızıl, 2 bürünc medala sahib olublar. Böyüklər Avropa çempionatında 1 gümüş, 2 bürünc, eləcə də Para-Karate üzrə qitə çempionatında 2 qızıl, 1 gümüş, İslam Həmrəyliyi Oyunlarında isə 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.
Bundan başqa, milli üzvləri Dünya Şotokan Federasiyasının (WSF) Avropa çempionatında 17 çempionluq, 11 ikincilik, 18 üçüncülük əldə edib, dünya çempionatında isə 13 qızıl, 9 gümüş və 6 bürünc medalla yadda qalıblar.
Sentyabrda Bakıda ilk dəfə təşkil edilən Karate1 Premyer Liqa seriyası turniri WKF tərəfindən ilin ən yüksək səviyyəli turniri kimi qiymətləndirilib. Bakıda növbəti səfərdə olan WKF-in prezidenti Antonio Espionos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub, Azərbaycan karatesinin yüksək səviyyədə inkişafını və dünya karate ailəsində böyük nüfuza malik olduğunu qeyd edib.