“Təhsil” RİM-in karate üzrə baş məşqçisinin rəhbərlik etdiyi Azərbaycanın yığma komandası Gürcüstanda keçirilən beynəlxalq turnirdə də böyük uğur qazanıb

Məlum olduğu kimi, 17–19 iyun 2022 ci il tarixlərində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən Avropa Karate Federasiyasının (EKF) Karate üzrə 49-cu Avropa Çempionatında iştirak edən idmançılar iyunun 21-də Vətənə dönüblər. Həmin yarışda 5 idmançımızın müxtəlif yerlər qazanması ilə 48 ölkə arasında ümumi hesabla 4-cü yeri tutan Azərbaycan Milli Karate Federasiyasının Yeniyetmə və gənclərdən ibarət seçmə komandası Heydər Əliyev adına Hava Limanında təntənəli mərasimlə qarşılanıb.

Qeyd edək ki, Avropa Çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 6 nömrəli İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin karateçiləri xüsusilə fərqləniblər. “Təhsil” RİM-in karate üzrə baş məşqçisi, Qabaqcıl təhsil işçisi, Əməkdar məşqçi Əbülfət Qarayevin verdiyi məlumata görə, Avropa Çempionatında məktəbin 3 yetirməsi medal qazanıb: “Medal qazanan 5 idmançıdan 3-ü bizim məktəbin yetirməsi olub. 14–15 yaşlı oğlanlar arasında Rahib Əzim (I yer) və Aslan Dostuyev (III yer) fərqləniblər. Eləcə də yetirməm Hüseyn Məmmədli 18-21 yaşlı idmançılar arasında qızıl medal qazanaraq Avropa çempionu olub. Xatırladım ki, şəxsi məşqçisi olduğum H.Məmmədli “Təhsil” RİM-in yığma komandasının heyətində Məktəblilərin Dünya oyunlarının qalibi, karate üzrə milli komandanın heyətində isə 2 dəfə Avropa, 1 dəfə isə Dünya çempionatlarının mükafatçısı olub”.

“Təhsil” RİM-in karate üzrə yığma komandasının baş məşqçisi Əbülfət Qarayev onu da bildirib ki, məktəbin yetirmələri iyun ayının əvvəlində Gürcüstanın paytaxtında keçirilən “Tbilisi Grand Prix” beynəlxalq turnirində də böyük uğur qazanıblar: “13 ölkədən 305 idmançının qatıldığı karate idman növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında turnirdə böyük nəticə əldə etmişik. Belə ki, “Təhsil” RİM-in 6 nömrəli İxtisaslaşdırılımış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 14 nəfər idmançı ilə mübarizə aparıb. Yarışda məktəbin komanda üzvləri 9 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 12 medal qazanıblar. Məktəbin yetirmələri 16–17 yaşlı idmançılar arasında komanda döyüşlərində I yeri, medal sayına görə isə komanda hesabında II yeri tutublar. Abbas Dadaşov, Ayxan Ömərov, Aslan Dostuyev, Xudaş Ağayev, Nicat Məmmədmirzəyev, Rəsul Abbasov, Rumil Cəfərli, Sadiq Həsənli I yer, Fariz Şahbazov II yer, digər idmançılar isə III yerləri qazanıblar. Həmin yarışda məktəbin müəllimləri Şahin Əsədov və Əli Rəcəbov isə yarışın idarə edilməsində hakim kimi iştirak ediblər”.