Azərbaycan futbolu ilə bağlı biabırçılıqlar bir-birini əvəz etməkdədir.

Rekord.az apasport.az-a istinadəm xəbər verir ki, 2021/22 mövsümü yenicə start götürən Region Liqasında bənzəri görünməyən daha bir hadisə baş verib.

Əldə etdiyimiz məlumata görə, Şimal-Qərb regionu üzrə II turda keçirilən “Karvan” – “Göyəzən” oyunundan əvvəl stadiona toplaşan azarkeşlərdən pul yığılıb.

Məsələ burasındadır ki, həyatda qalması üçün “Karvan”a yardım kompaniyası çərçivəsində yevlaxlılardan hərəyə 1 manatdan dəstək olmaq xahiş edilib. Ancaq heç kim buna məcbur edilməyib, proses könüllü şəkildə aparılıb.

Maraqlıdır ki, “Karvan”ın baş məşqçisi Kənan Kərimov da məlumatı təsdiqləyib. O, komandanı ayaqda saxlamaq üçün başqa variantlarının olmadığını söyləyib: "Cəmi 116 manat pul yığıldı. Goranboydan, Mingəçevirdən, Ləkidən gələn futbolçularımız var.vToplanan pulun üstünü də düzəldib yol xərci kimi onlara verdim. Bunu ondan ötrü eləmişik ki, heç olmasa digər rayonlardan gələn futbolçuların yol pulunu verə bilək. Yevlaxlı futbolçuların isə cibinə hələ bir manat da girməyib”.

Çox maraqlıdır, bu vəziyyətdə nə vacibdi axı çempionatda oynayasan? "Karvan"ın adı var, sanı var, 2004/05 mövsümündə bürünc, növbəti mövsüm isə gümüş mükafat qazanıb, 2006/07 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqasının) I təsnifat mərhələsində Slovakiya klubu “Spartak”ı (Trnava) üstələməklə bu turnirdə mərhələ adlayan ilk Azərbaycan klubu olub. Bu cür klubu niyə belə gülüş hədəfinə çevirirsiniz? Pul olar, sponsor olar, "Karvan"ın adına layiq formada qayıdarsınız. Yoxsa belə, ondan-bundan 1 manat topamaqla komanda saxlamaq olar? Bu arada, AFFA deyirdi ki, maddi təminatı olmayan komandaları "Region Liqası"na buraxmayacaqlar. Belə çıxır ki, "Karvan"ın maddi təminatı olub ki, çempionatda iştirakına icazə verilib. Həmin təminat olubsa, bəs indiki durum nədi?

 

Anar XANLAROV