“Karyeramın əsas yarışıdır” - Nicat Abasov
- 19 Yan 2024 18:00
- 245
Aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək.
Rekord.az xəbər verir ki, 8 şahmatçının mübarizə aparacağı yarışın qalibi şahmat tacı uğrunda matçda dünya çempionu Dinq Lirenə rəqib olacaq.
İddiaçılar Turnirində ölkəmizi milli komandanın şahmatçısı Nicat Abasov təmsil edəcək. N.Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına yarışla bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Karyeranızda ilk dəfə İddiaçılar Turnirində iştirak edəcəksiniz. Mötəbər yarışda iştirak sizin üçün nə deməkdir?
- Hər bir peşəkar idmançının ən böyük arzusu dünya çempionu olmaqdı. Şahmatda dünya çempionluğuna gedən yol İddiaçılar Turnirindən keçir və bu artıq son mərhələnin bir addımlığında olan mübarizədir.
- Yəni demək olar, karyeranızın əsas yarışıdı?
- Bu fikirlə razıyam. İddiaçılar Turnirində iştirak karyeramın dönüş nöqtəsidi. Şübhəsiz ki, karyeramın ən əsas yarışıdır.
- İddiaçılar Turnirində iştirak edən şahmatçılar barədə fikrinizi bilmək maraqlıdı...
- Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə yaşa görə beşinciyəm. Məndən cavan üç şahmatçı iştirak edir. Çox gənc heyət mübarizə aparacaq. Heyətdə olduqca iddialı şahmatçılar yer alıb. Gərgin mübarizə olacaq. Fikrimcə Hindistanın üç şahmatçısının iştirakçı olması xüsusi amildi. Adətən Hindistanı həmişə dünya çempionu Vişvanatan Anand təmsil edirdi. İndi isə üç iddiaçıları yarışacaq. Turnirdə təcrübəsi heç olmayan 4 şahmatçı var.
- Sizə görə ən çətin rəqib kimdir?
- Ən çətin rəqib ilk növbədə özüməm. Yəni gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm hər bir partiyada bərabər mübarizə ola bilər.
- Sizə qədər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov İddiaçılar Turnirində iştirak edib. Yarışın atmosferini hiss etmək üçün onlarla söhbətiniz olub?
- Həm Teymur, həm Şəhriyarın bu yarışla bağlı böyük təcrübəsi var. Hər ikisi dəfələrlə İddiaçılar Turnirində mübarizə aparıb. Ötən İddiaçılar Turnirində Teymur Rəcəbovun komandasında yer almışdım, “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə qazanmışam. Əlbəttə iştirakçının fərqli öhdəlikləri var. Şübhəsiz mənim iştirakımda onların təcrübəsi əvəzsiz rol oynayacaq.
- Sizin üçün əsas məqsəd nədir?
- Yarış üçün əsas məqsədim hazırlıq prosesində əlimdən gələni etməyimdən başlayır. Maksimum yaxşı hazırlaşaraq turnirdə bəhrəsini görmək istəyirəm. Turnirdən sonra geri baxanda elə bir məqam olmasın ki, kaş ki fərqli edərdim düşünüm. Buna görə maksimum dərəcədə hazırlıqlı olaraq mümkün qədər yaxşı nəticə göstərməyi arzulayıram.
- Hazırlığa nə vaxtdan başlayırsınız?
- Artıq hazırlıq başlayıb. Hazırlıqla bağlı yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasına və şəxsən AŞF rəhbəri Mahir Məmmədova çox sağ ol deməliyəm. Federasiya dəstəyini əsirgəmir.
- Müsahibəyə görə təşəkkür edirik. Şahmat həvəskarlarına nə demək istərdiniz...
- Dünya Kubokunda göstərilən dəstəyə yenidən ehtiyacım var. Tək mən deyil, ölkəmizin bütün şahmatçılarına dəstək vacibdir. Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin. Hər birimiz uğurlu olmaq üçün çalışırıq. Onların dəstəyi bizə əlavə güc verir.