Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının (RFF) prezidenti olmaqdan imtina edib. 

Rekord.az xəbər verir ki, bu barədə 39 yaşlı keçmiş qolkiper "Twitter" səhifəsində məlumat yayıb.

O bildirib ki, bu qərarı verməyinin əsas səbəbi İspaniyadakı sosial, iqtisadi və epidemioloji vəziyyətdir. Kasilyas deyib ki, buna görə seçkilər onun üçün arxa plana keçib: "Ancaq bu qapını bağlamamışam. Seçkilərin ədalətli və açıq keçirilməsini istəyirəm".

Qeyd edək ki, Kasilyas RFF-in hazırkı prezidenti Luis Rubialeslə mübarizə aparmalı idi. Sabiq qapıçı "Real”ın heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib. Son olaraq Portuqaliya "Portu"sunda çıxış edən Kasilyas fevralda karyerasını başa vurub.