Gürcüstanın Tiflis şəhərinin meri Kaxa Kaladze Azərbaycana rəsmi səfərə gələcək.

Rekord.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”nin Tiflis “Dinamo”su ilə cavab oyununu izləyəcək.

Sözügedən qarşılaşma sabah, iyulun 14-də “Bakcell Arena”da keçiriləcək. Kaxa Kaladze saat 21:00-da start veriləcək qarşılaşmanı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla birgə izləyəcək.

Qeyd edək ki, Kaxa Kaladze 1993-1998-ci illər aralığında məhz yetirməsi olduğu Tiflis “Dinamo”sunda oynayıb. O, sonralar Ukraynanın "Dinamo" (Kiyev), İtaliyanın "Milan" və "Cenoa" klublarında çıxış edib. Gürcüstan millisində 83 matça çıxan ötənlərin məşhur futbolçusu, 1 qol da vurub. Kaladze 2012-2017-ci illər aralığında Gürcüstanda enerji və təbii resurslar naziri vəzifəsində çalışıb. 2017-ci ildən isə o, Tiflis meri kimi fəaliyyətdədir.