Mövsümdə 10-cu məğlubiyyəti alan “Kəpəz” azarkeşlərini məyus etməkdədi. Gəncəli tərəfdarlar artıq komandanın yenilgilərini həzm edə bilmirlər. Stadiona buraxılmayan azarkeşlər və fanklublar məcbur olub ürək sözlərini sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırırlar.

Dünən isə redaksiyamızla əlaqə saxlayan Vahid Vəliyev ad-soyadlı azarkeş Gəncə futbolunun bugünkü durumundan narazılığını bildirməklə yanaşı, gəncəli futbolsevərlər adından danışmaq istədiyini söylədi. 53 yaşlı futbolsevər “Kəpəz”in uğursuzluğuna görə həm məşqçilər korpusunu, həm də futbolçuları, yumşaq desək, qınadı:

 

“Kəpəz”in oyunlarını SSRİ dönəmindən izləyirəm. Komandanın sadiq azarkeşlərindənəm. 53 yaşım var. Mən hələ indiyədək belə aciz, zəif “Kəpəz” görməmişəm. Vaxtilə ölkənin ən iddialı komandaları, SSRİ birinciliyi zamanı Rusiya, Gürcüstan, Ukrayna klubları Gəncədə 1 xal qazananda sevinə-sevinə evlərinə dönürdülər. İndi isə birinci divizionun autsayderləri Yaşar Vahabzadənin çalışdırdığı komandanı asanlıqla məğlub edir. Sonuncu pillədə olan MOİK-ə, 8-ci yerdə qərarlaşan “Qaradağ Lökbatan”a uduzmaq nə deməkdi? Lökbatan təmsilçisinə yenilgi artıq tək məni yox, minlərlə gəncəli azarkeşi özündən çıxarıb. Təəssüf ki, pandemiya səbəbindən azarkeşləri stadiona buraxmırlar. Əks halda biz bu gün “Kəpəz”də çalışan məşqçilərə, komandanın şərəfini qoruyan futbolçulara yerlərini göstərərdik. Klubun azarkeşlərlə əlaqələndiricisi funksiyasını icra edən Elmar Əliyevə dəfələrlə müraciət etmişik ki, bizi Vahabzadə ilə görüşdür, ürək sözlərimiz ona da deyək. O isə pandemiya səbəbindən belə görüşlərin keçirilməsinə icazə verilmədiyini bildirb. “Kəpəz”in PFL-in “yutub” kanalı ilə yayınlanan oyunlarını izləyib xəcalət hissi keçiririk. Belə biabırçılıq olmaz, komanda sanki bilərəkdən azarkeşlərin əsəbləri ilə oynayır. Əvvəllər bir oyunu zəif keçirəndə, futbolçular tərəfdarlardan utanaraq növbəti qarşılaşmada can qoyurdular. İndikilər isə əksinə, turdan-tura daha pis çıxış edirlər, elə bil 90 dəqiqəni yola vermək üçün meydana çıxırlar”.