Abdullahi Şuaybu ilə sabiq agenti Dmitri Selyuk arasında qalmaqal davam edir.

Rekord.az xəbər verir ki, rusiyalı menecer sabiq müştərisini Hepatit B olduğunu iddia edir və belə vəziyyətdə onun futbol oynamasını mümkünsüz sayır. 

Selyuk nigeriyalının sağlamlıq testindən keçərkən analizləri dəyişdirdiyini və səhhəti ilə bağlı saxta sənəd təqdim etdiyini də iddia edir. Menecerin bu barədə klub rəhbərliyini də xəbərdar etdiyi söylənilir.

Bəs görəsən, “Kəpəz” rəhbərliyinin yaşananlara münasibəti necədi? “Sarı-göylər”in mətbuat katibi Azad Mustafayev saytımıza açıqlamasında futbolçunun 3 aydan bir həkim müayinəsindən keçdiyini bildirdi: “Abdullahi Şuaybu vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunur. Sonuncu analizini də bu gün verib. Səhhətində hər hansı dəyişiklik müşahidə olunsa, buna uyğun qərar veriləcək”.

P.S. Günün sonunda əldə etdiyimiz bilgiyə əsasən, nigeriyalı forvardın analizi müsbət çıxıb. Forvard həqiqətən də Hepatit B virusunun daşıyıcısıdı. Bu üzdən “Kəpəz” rəhbərliyi nigeriyalı ilə yolları ayırmaq qərarına gəlib. Şuaybu artıq bu gün axşam saatlarında Azərbaycanı tərk edib. (sport24.az)