"Kəpəz"də qalmaqal: baş məşqçi ilə yola getməyib klubu tərk etdi
- 22 Apr 2021 12:00
- 1500
“Kəpəz”in qara günləri davam edir. Ölkənin ən titullu klublarından biri artıq birinci divizionda qapazaltıya çevrilib. “Sarı-göylər” 22-turda “doğma divarlar” arasında aşağı dəstənin autsayderi MOİK-ə uduzmaqla yadda qalıb. Ötən saylarımızın birində gəncəli azarkeşlər adından Vahid Əliyevin narazılığını sizə çatdırmışdıq. Tərəfdar azarkeşlərin nəticələrə görə utandığını, komandanın şərəfini qoruyan futbolçulardan, məşqçilər korpusundan şikayətçi olduğunu bildirmişdi. Onların fikrincə, komanda yenidən formalaşmalı, baş məşqçi Yaşar Vahabzadə istefa verib postundan getməlidi.
MOİK-ə yenilgidən sonra “Kəpəz”in kapitanı Əli Səmədovla danışmağı lazım bildik. Qardaşı Ümid Səmədovla birgə “sarı-göylər”in şərəfini qoruyan Əli azarkeşin komandadan narazı qalmağa haqqının çatdığını söylədi: “Tərəfdarların komandadan şikayət etməyə haqqı çatır. Ortada nəticə yoxdusa, məğlubiyyətlər sıralanırsa, onların dediklərinə haqq qazandırmaq lazımdı. Komandada nə baş verir? Bu sual ətrafında kapitan kimi mən də çox düşünürəm. Ancaq cavab tapa bilmirəm. Kollektivdə hər şey qaydasındadı, normal məşqlər keçirik, məşqçilər korpusu ilə futbolçular arasında heç bir problem yoxdu. Ancaq meydana çıxanda heç nə alınmır. Kapitan kimi futbolçularla təkbətək söhbətim də olub. Onların nədənsə narazı qaldığını eşitməmişəm. MOİK-ə həm səfərdə, həm də öz meydanımızda uduzmuşuq. Autsayderlə görüşlərdən məğlub ayrılmaq komandaya yaraşmır”.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, “Kəpəz”in futbolçuları ilə Yaşar Vahabzadə arasında münaqişə yaşanır. Komanda üzvlərinin bir çoxu baş məşqçiylə yola getmədəyindən bunun acısını komanda çəkir. Söylənilənlərə inansaq, “Zaqatala” ilə oyundan sonra Novruz Məmmədovla Vahzabzadə arasında ciddi insident yaşanıb və bu üzdən son iki oyunda baş məşqçi təcrübəli futbolçunun adını iştirak ərizəsinə belə salmayıb. Kapitanla söhbətimizdə bu məsələyə də aydınlıq gətirməsini istədik: “Baş məşqçi ilə Məmmədovun arasında insident yaşanmasından xəbərsizəm. Novruzun adı iştirak ərizəsinə salınmasa da, bizimlə birgə məşqlərə qatılır və hamı kimi məşqçinin tapşırıqlarını yerinə yetirir. O ki qaldı azarkeşlərin növbəti mövsümdən yeni komanda görmək istəməsinə, onların bu istəyi ilə razıyam. Özüm qarışıq, indiki heyət etimadı doğrultmursa, “Kəpəz”in adına və tarixinə layiq oyun sərgiləmirsə, nəticələr bərbaddısa, burda qalmağımızın nə mənası var? Azarkeşlərin tələbini başa düşürəm və onlarla razılaşıram. Baş məşqçinin istefasına gəlincə, bu məsələ futbolçular səviyyəsində həll olunmur. Əslində komandanın uğursuz çıxışına görə hər şeyi Vahabzadənin üstünə atmaq da düz eyil. O baş məşqçi kimi çalışır ki, “Kəpəz” qalib gəlsin, turnir cədvəlinin üst pillələrində qərarlaşsın. Ümid edirəm ki, qalan 5 turda daha yaxşı oyun sərgiləyib mövsümün sonuna kimi turnir mövqeyimizi bir-iki pillə yaxşılaşdıra biləcəyik” ("Futbol plus")