"Səbail"in futbolçusu Yusif Nəbiyev "Kəpəz" üzərindəki 3:0-lıq qələbədən sonra Rekord.az-a müsahibə verib:

 

 

- Gəncədə bu cür böyük hesablı qələbə qazanacağınızı gözləyirdin?

- Sözün açığı, bu cür böyük hesablı qələbə gözləmirdim. Amma qələbəyə ümidim var idi. Yaxşı komandamız var. Oyunun çətin keçəcəyini bilirdik və həqiqətən də belə oldu. Hesabın 3:0 olmasına baxmayaraq, ağır oldu. Özüm də Gəncədə oynadığımdan buradakı atmosferə bələd idim və buna hazır idim. 

- Oyunda hesabı açsan da sevinmədin. Yəqin ki, bu, sabiq klubun olmasından irəli gəlirdi...

- Oyundan öncə fikirimdə tutmuşdum ki, qol vursam, sevinməyəcəm. Çünki burada oynamışam, kapitan olmuşam, loru desək, buranın çörəyini yemişəm. Bu mənada qol vurub sevinmək mənə yaraşmazdı. Çünki rəhbərliyindən tutmuş, bütün işçiləri ilə, futbolçuları ilə yaxın münasibətim var, hamısına da uğurlar arzulayıram. 

- Sabiq komandana qol vurmaq baxımından ilk belə hal deyil ki, yaşayırsan. "Sumqayıt"da oynayanda "Qəbələ"yə də qol vurmuşdun. Bəlkə sabiq komandalarına qarşı xüsusi motivasiya ilə hazırlaşırsan, yoxsa bu, təsadüfən belə alınır?

- Yox, xüsusi bir motivasiya ilə hazırlaşmıram, belə bir fikirdə olmuram heç vaxt.

- "Səbail" mövsümə yaxşı başlamasa da, sonradan özünə gəldi. Qarşınıza qoyulan hədəf nədir?

- Uğursuzluq deyəndə ki, ilk turda "Sumqayıt"a böyük hesabla uduzduq. Belə baxanda komandada böyük dəyişikliklər olub, xeyli futbolçu gedib, yeniləri gəlib, uyğunlaşmaq baxımından vaxt lazım idi. Bu gün də çalışırıq ki, "Səbail"i ən yaxşı şəkildə təmsil edək və yaxşı nəticələr qazanaq. 

- Milliyə dəvət alsan da, Belçikaya qarşı oyunda şans qazanmadın. Milli perspektivini necə görürsən?

- Milliyə dəvət aldığım üçün sevincliyəm, debüt toplanışım idi. Bundan sonra da dəvət etsələr, şans versələr, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.

- Sabiq klubun "Kəpəz"in hazırkı durumu haqda nə isə demək istəmirsən? Sizin oynadığınız mövsüm tamam fərqli "Kəpəz" görürdük...

- "Kəpəz"ə uğurlar arzulayıram, istərdim ki, daha yaxşı olsunlar. Sadəcə, bu gün bu komanda mənim rəqibimdi, bura qələbə dalınca gəlmişdik və buna da nail olduq.

 

Anar XANLAROV