Növbəti mövsümdən premyer-liqada çıxış edən komandalarının sayının artırılacağı ilə bağlı söz-söhbət yenə gündəmi zəbt edib.

 

Rekord.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da yanvarın 29-da keçirilən onlayn mətbuat konfransında bu məsələyə münasibət bildirmiş, 10 komandalı çempionatın tərəfdarı olduğunu söyləmişdi.

 

Məlum məsələ gündəmə gələn kimi “diviziondan elitaya hansı komandalar yüksələcək” sualı ətrafında müzakirələr yenidən qızışdı. Əsasən üç komandanın adı çəkilir ki, onlardan ən realı “Turan Tovuz”du. Bugünlərdə Tovuzda yeni bazanın açılışı, stadionda aparılan əsaslı təmir işləri ondan xəbər verir ki, AFFA qərb təmsilçisinin premyer-liqaya yüksəlməsi yolunda “yaşıl işıq yandıracaq”. Qalan bir yerə isə iki komanda – “Zaqatala” və “Kəpəz” iddialıdı. Ancaq şimal-qərb təmsilçisinin Müşahidə Şurasının rəhbəri Musa Qurbanov bugünlərdə qəzetimizə verdiyi müsahibədə indiki durumda “Zaqatala”nın elitada çıxış edəcəyinin inandırıcı görünmədiyini bildirib. Musa bəy bunu maliyyə problemləri ilə əlaqələndirib və onu da əlavə edib ki, bölgədə futbola yatırım etmək istəyən iş adamları yoxdu. Onu da əlavə edib ki, yerli icra strukturları da “Zaqatala”nın premyer-liqada çıxış etməsində maraqlı deyil. Bundan da belə qənaətə gəlmək olar ki, aşağı dəstədən güclülərin çıxış etdiyi liqaya yüksələn ikinci komanda “Kəpəz” olacaq.
Gəncə futbolunun “xaç atası” Mehman Allahverdiyev də mediaya verdiyi açıqlamada kluba sponsor tapdığını bildirib. Onun sözlərinə görə, Şahin adlı iş adamı “sarı-göylər” elitaya yüksələcəyi halda kluba sərmayə qoyacaq. Yeni sponsor komandaya baxmaqla yanaşı, stadionu və bazanı təmir etdirməyi də boynuna götürüb. Ancaq iş adamının bir şərti var ki, bütün bunların qarşılığında “Kəpəz”in prezidenti məhz Mehman bəy olsun. Lakin söylənilənlərə inansaq, AFFA rəhbərliyi sponsorun irəli sürdüyü “prezident postu” şərtiylə razılaşmır. Danışıqların necə davam edəcəyini, yəqin ki, yaxın vaxtlarda biləcəyik. İndiki məqamda hamını “Kəpəz”ə sərmayə yatızdırmaq istəyən iş adamının kimliyi maraqlanıdırır. Kimdi Şahin Şıxlinski, harda yaşayır, nə işlə məşğul olur? Əlaqələrimizi işə salıb Mehman bəyi klub prezidenti postunda görmək istəyən iş adamı barədə müəyyən məlumat əldə etdik ki, onu da sizlərlə bölüşmək istəyirik. Şahin Şıxlinski 1966-cı ilin fevralında Qazaxın İkinci Şıxlı kəndində dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra sovet ordusunda xıdmət edib. 1986-cı ildə Rusiyada “Sverdlovskqrajdanstroy” trestində calışıb, Komsomol Komitəsinin katibi vəzifəsinə secilib. 1990-95-ci illər aralığında Ural Dovlət Hüquq Akademiyasında təhsil alıb. 1995-96-da “E” inşaat şirkətində huquq şobəsinin mudiri vəzifəsində çalışıb.1996-99-cu illərdə “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olub. 2004-də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Rayon Şurasının sədri, 2004-ün oktyabrında isə konqresin vitse-prezidenti secilib. 2007-ci il martın 10-da Avropa Azərbaycanlıları Konqresinin 2-ci qurultayında vitse-prezident təyin olunub. Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəridi. 2006-cı il martın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Şıxlinski eyni zamanda Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdü.
Mənbəmizin sözlərinə görə, Şahin bəyin Gəncədə də bir sıra ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Şəhərdəki “İmperial” və “Qold İmperial” restoranları ona məxsusdu. ("Futbol plus")