
“Kəpəz”in futbolçuları tələbələrlə görüşüblər
- 18:00
- 48
"Kəpəz"in futbolçuları Mahammadu Ba, Valdemar Almeyda, Trent Buhagiar, İlkin Qırtımov və Əli Səmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüblər.
Rekord.az xəbər verir ki, “Rasizmə qırmızı vərəqə göstər” başlığı altında keçirilən tədbirdə əsas məqsəd irqçiliyə qarşı mübarizə aparmaq olub.
Görüşdə insanların etnik mənsubiyyətinə, irqinə, xarici görünüşünə və digər xüsusiyyətlərinə, fərqlərinə görə ayrıseçkiliyə məruz qalması pislənilib. Müasir dünyamızda həyatın bütün sahələrində olduğu kimi, futbolda da irqçi davranışlara hələ də rast gəlinməsi təəssüflə qeyd olunub. Gəncə təmsilçisinin legionerləri Azərbaycanda rasizmlə üzləşmədiklərini, onlara qarşı münasibətin normal olduğunu bildiriblər.
Dəyirmi masada ADAU-da oxuyan xarici tələbələr arasında Afrika ölkələrindən də təhsil almaq üçün Gəncəyə gələnlərin olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, onlar da multikulturalizm ənənələrinin güclü olduğu Azərbaycanda heç vaxt irqçi münasibətlə üzləşməyiblər.
Görüşdə beynəlxalq təşkilatların, o cümlədən FIFA və UEFA-nın ən yüksək səviyyədə rasizmlə mübarizə apardığı, irqçiliyə qırmızı vərəqə göstərildiyi qeyd edilib.