Nəlum olduğu kimi, bir müddət bundan öncə "Kəpəz"ə yeni sponsorun tapılması ilə bağlı məlumatlar gündəmə gəldi. Sponsoru Gəncə klubunun sabiq baş məşqçisi Mehman Allahverdiyev tapmışdı. Şahin Şıxlinski ad-soyadlı həmin şəxsin komandaya sponsorluq etməyə razılıq verdiyi, klubun prezidenti postunda da Allahverdiyevi görmək istəməsi yayılan növbəti məlumatlarda əksini tapdı. Ardınca Mehman bəy özü də mətbuat vasitəsi ilə məsələni təsdiqlədi və bildirdi ki, yaxın zamanlarda AFFA ilə də bununla bağlı söhbət olacaq. Elə nə oldusa da AFFA ilə söhbətdən sonra oldu. Allahverdiyev açıqlamasında yeni sponsorun özünün də Novruz bayramı ərəfəsində Azərbaycana gələcəyini və ətraflı görüşün və müzakirələrin olacağını bildirmişdi. Amma nə gələn oldu, nə də görüş. Sonradan isə məsələ birdəfəlik bağlandı. Hər şeyin bu cür sonluğu isə haqlı suallar və şübhəli məqamlar ortaya qoyur. 

 

Şəxsən mənə qalsa, bu işdə AFFA-nın barmağının olduğuna şübhə eləmirəm. Daha öncə "Simurq" və "Turan"a tapılan sponsorlar qarşısında şərt qoyan, onları geri addım atmağa məcbur edən federasiya güman ki, yeni eyni hoqqanı çıxardıb. İcraçı vitse-prezident Elxan Məmmədov strategiyası, planı hamımıza məlumdur. Hansısa kluba sponsorluq etmək istəyən şəxs AFFA-nın bütün tələb və göstərişlərini yerinə yetirməlidir. Klubda mütləq müşahidə şurası yaradılmalıdır, o .şurada mütləq AFFA-nın adamı yer almalı və yüksək səlahiyyət sahibi olmalıdır, büdcə, xərclənən vəsait AFFA ilə məslətləşdirilməlidir və s. Böyük ehtimalla "Kəpəz"ə sponsorluqn etmək istəyən şəxsin qarşısında bu şərtlər qoyulub. Bir sözlə, AFFA, Elxan Məmmədov futboldakı diktatorluğu, monopolyanı qoruyub-saxlamaqda israrlıdır. Sual versən min-bir bəhanə uydurub sponsorluğa namizədi günahkar çıxardacaqlar. Amma camaat da çörəyi qulağına yemir. Şahin bəy Rusiyada yaşayan və çalışan kifayət qədər nüfuzlu şəxsdir, böyük də biznesi var.  Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Rayon Şurasının sədri, 2004-ün oktyabrında isə konqresin vitse-prezidenti secilib. 2007-ci il martın 10-da Avropa Azərbaycanlıları Konqresinin 2-ci qurultayında vitse-prezident təyin olunub. Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəridi. 2006-cı il martın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Şıxlinski eyni zamanda Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdü. Gördüyünüz kimi, tək biznes yox, həm də ictimai-siyasi sahədə yetərincə böyük nüfuz sahibidir. Sizcə, belə bir adam çiy, yarımçıq iş tutar? Bu adam istəsə "Kəpəz" kimi 5 komanda saxlayar. Yəni bu adamın hansısa maddi səbəbdən geri addım atması gülünc görünər. Həmçinin. bu cür nüfuzlu, ciddi şəxs heç vaxt söz verib sonra sözünün arxasından geri çəkilməz. Demək ki, bizim bilmədiyimiz hansısa proseslər yaşanıb ki, bu cür adam qəbul etdiyi qərardan vaz keçib. AFFA və orada oturan söz sahibləri illərdi bu siyasəti aparırlar. Sözdə guya futbolun inkişafında maraqlıdırlar, sponsorların futbola cəlb olunması üçün gecə-gündüz çalışırlar, amma əməldə tam əksi, nə futbolun inkişafında maraqlıdırlar, nə də futbola sponsorların gəlişində. Biz isə sadəlöhvcəsinə, hələ də ümid edirik ki, Premyer Liqada komanda sayı artırılacaq, "Kəpəz" və "Turan Tovuz" elitaya gətiriləcək...

 

Anar XANLAROV