“Kəpəz”in sponsoru söhbəti nağıla bənzəməyə başlayır
- 11 Mar 2021 17:00
- 818
Gəncə futbolunun “xaç atası” Mehman Allahverdiyev “Kəpəz”ə sponorluq etmək istəyən şəxslərin varlığı ilə bağlı açıqlama vermişdi. Sponsorun şərti belə idi ki, klubun prezident kürsüsündə məhz Allahverdiyev otursun. Həmin şəxs fevralın sonunda Azərbaycana gəlməli idi. Allahverdiyev “Kəpəz”ə pul buraxmaq istəyən şəxsin adını çəkməsə də, əlaqələrimizi işə salıb, mümkün sponsorun Rusiyada yaşayan soydaşımız olduğunu öyrənmişdik. Şahin Məmmədov adlı iş adamı Rusiyada böyük hörmət qazanıb, diaspor sədri kimi istər Azərbaycanda, istərsə də Rusiyada nüfuz sahibidi. Ehtiyatda olan generalın Gəncədə ictimai-iaşə obyektlərinin olduğunu da bizə bildirmişdilər.
Rekord.az xəbər verir ki, artıq təqvimdə fevral yox, martdı.
Və Mehman bəyin dediyinə inansaq, “Kəpəz”ə sponsorluq etmək istəyən iş adamı artıq Azərbaycanda olmalıydı. Bəs görəsən, o gəlibmi? Gəlibsə, Şahin bəyin qərarı nə oldu? Əslində ötən sayımızda bu suallara cavab öyrənmək istəyirdik. Ancaq Allahverdiyev zənglərimizə cavab verməmişdi. Dünən yenidən onunla əlaqə saxladıq. Mehman bəyin cavabı belə oldu: “Bəli, ötən dəfə sizinlə danışanda kluba sponsorluq etmək istəyən iş adamının fevralın sonunda Azərbaycana gələcəyini bildirmişdim. Mən ad çəkməsəm də, sonradan siz onun kim olduğunu müəyyənləşdirmisiz. Soydaşımız Rusiyada yaşayır və biznesinin də əhəmiyyəli hissəsi ordadı. Bugünlərdə onun hazırda Gəncədə olan qardaşı ilə danışmışam. Onun dediyinə görə, Şahin bəy işlərinin çoxluğuna görə fevralın sonunda vətənə dönə bilməyib. Novruz bayramı günlərində böyük ehtimalla, burda olacaq. Biz də həmin vaxt onunla görüşəcək, hər şeyi müzakirə edəcəyik. Hələ ki AFFA-ya da bir söz deməmişik. Öz aramızda söhbət edib ortaq məxrəcə gələk ki, sonra daha yuxarı instansiyaya müraciət edək”. ("Futbol plus")