“İndiki məqamda komandanın vəziyyətini görmək üçün belə bir yoxlama oyununun keçirilməsi vacib idi”.

Rekord.az xəbər verir ki, bunu Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu "Apoloniya" ilə yoxlama matçından (1:0) sonra yerli "Panorama" nəşrinə açıqlamasında deyib.

Alban mütəxəssis bildirib ki, komandasından daha çox şey gözləyir: 

"Bu, ilk görüşümüz idi. Ona görə də tələsik nəticə çıxarmaq olmaz. Hər şeyin öz vaxtı var. Amma açığı, futbolçulardan daha artığını gözləyirdim".

Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda qarşılaşacaqları "Keşlə" ilə oyun barədə də danışan Kunqu bunun komandası üçün vacib matç olduğunu söyləyib:

"Təsnifat mərhələsinin qarşılaşmalarını yaxşı bilirəm. Çünki bir neçə dəfə bu yarışın içində olmuşuq və uğur qazanmışıq. Mərhələ adlamağın klubun imici və gəliri baxımından nə demək olduğunun fərqindəyəm. Buna görə də "Keşlə" ilə oyuna maksimum diqqət ayıracağıq".

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" oyununa saat 21:00-da start veriləcək.