Həftənin ilk günü tanınmış vəkil Aslan İsmayılov “Keşlə”nin “ASK Arena”nın icarə pulunu uzun müddətdi ödəmədiyini iddia etmişdi. Hüquqşünas klubun korrupsiyaya əl atdığını bildirərək, Muşahidə Şurasının sədri Zaur Axundovu və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovu günahlandırmışdı. Elə həmin gün həm futbol qurumu, həm də “qırmızı-ağlar” rəsmi bəyanat yaymaqla vəkilin iddialarının yanlış olduğunu bildirmişdilər. Hətta “Keşlə” “İnter PİK” MMC ilə aralarında bağlanan müqaviləni və ödəmələrin qaimələrini paylaşaraq ictimaiyyəti məlumatlandırmışdı. Amma sözləşmədə stadionun adı “İnter Arena” kimi göstərilib və “Keşlə Futbol Klubu” MMC-nin ödənişi “İnter PİK” MMC-yə etdiyi qeyd olunub.

Burda maraqlı məqam var. “İnter” 2017-ci ildə adını dəyişərək “Keşlə” olub. Hətta bununla bağlı klubun Müşahidə Şurasının sədri Zaur Axundov həmin il avqustun 9-da rəsmi sayt vasitəsi ilə ictimaiyyətə açıqlama verib:
 

“Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq “İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubu kənar idarəзiliyə götürüb və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin edib. Klubun adının “İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda klubun adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Bununla əlaqədar klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi kimi “Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq. Klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır. Belə ki, klubun bazası Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər. Hüquqi prosedurlar başa çatana qədər klub “Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq “Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.



Beləliklə, klub Azərbaycan premyer-liqasının 2017/18 mövsümünün 10-cu turunda “Kəpəz”lə ev oyununa “Keşlə” kimi çıxıb. Həmin oyun oktyabrın 28-də baş tutub. Düzdü, “qırmızı-qaralar” “İnter”in varisi kimi avrokuboklarda iştirak etməyib. Amma bütün rəsmi qaynaqlarda və açıqlamalarda “Keşlə”ni “bankirlər”in davamçısı kimi qeyd ediblər. Belədə necə ola bilər ki, “Keşlə Futbol Klubu” MMC hələ də “İnter PİK” MMC-yə “ASK Arena”nın icarə haqqını ödəyir? Ümumiyyətlə, “Keşlə” “İnter”in varisidi? Bu sualı həm “bankirlər”də, həm də “Keşlə”də mətbuat katibi kimi çalışmış, hazırda vəzifəsini davam etdirən Səbuhi Məmmədova ünvanladıq:
 

“Heç bir qayda pozuntusu yoxdu, hər ödəniş hüququ qaydalar çərçivəsində həyata keçirilib. “Keşlə” “İnter” klubunun idman varisidi və ali futbol qurumları da qaydalara əsasən bizi yarışlara buraxıb. Hüquqi və maliyyə məsələləri mövcud norma və qaydalara uyğun həyata keçirilib”.




Klub rəsmisi iddia edir ki, heç bir qayda pozuntusu yoxdu. Hər şey qaydalar çərçivəsindədi. Amma belə bir misal var ki, heç kim öz ayranına turş deməz. Bu səbəbdən də məsələ ilə bağlı idman hüquqşünası Fərid Haqverdiyevə müraciət etdik. Tanınmış vəkildən idman varisliyinin prinsipindən və “Keşlə”nin qaydaları pozub-pozmamasından danışmasını xahiş etdik:
 

“Bu məsələ ilə bağlı detallı məlumatım yoxdu. Ancaq mətbuatda nə yazılıbsa, onları bilirəm. İlk baxışdan görünür ki, bu idman hüquqi ilə bağlı məsələ deyil. Burdakı mülki hüquqla bağlı problemdi. Bu səbəbdən də əvvəlcə varisliklə bağlı məlumat vermək istəyirəm. FIFA qaydalarında müəyyən meyarlar var. Bunun üçün xüsusi testlər həyata keçirilir. Bir klub əvvəlkinin meyarlarına uyğun gəlirsə, onun varisi hesab olunur. İdman Arbitaj Məhkəməsində əsasən klubun təsis sənədlərinə baxılır. Misal üçün yeni yaranan deyir ki, mən filan klubun varisiyəm və onun hüququ öhdəliklərinə malikəm. Bu zaman varislik qeydə alınır. Bu yoxdusa, daha sonra digər meyarlara baxılır. Bunlar hansılardı? Yeni stadiondan istifadə olunmalıdı, yeni formalara malik olunmalıdı, rəmzlər və bayraqlarda oxşarlıq varsa, varisi hesab olunur. Amma birmənalı şəkildə demək mümkün deyil ki, hansısa klub digərinin varisidi. Tam olması üçün bütün detallar nöqtəbənöqtə üst-üstə düşməlidi. Belə olmasa, FIFA məsələyə qarışır. Ali futbol qurumunun qərarı qane etməsə, İAM bu işə müdaxilə edir. Bu məsələ ilə bağlı bir çox örnəklər var. Məsələn, İtaliyanın “Parma” klubu müflisləşmişdi. Daha sonra D seriyasına göndərilmişdi. Klubun bir çox oyunçuya borcu var idi. Bundan sonra yeni klub fəaliyyətə başladı. Səhv etmirəmsə, “Parma 1913” adlanırdı. Burda varisliklə bağlı məsələ qaldırılmışdı, amma alınmamışdı. Belə şeylər çox olub. Burda əsas məqam ondan ibarətdi ki, təsis sənədləri detallı incələnməlidi. Klubların bütün ortaq xüsusiyyətləri araşdırılmalıdı. Yəni bir qədər mürəkkəb məsələdi. İndi gələk “Keşlə”nin “İnter”in varisi olub-olmamasına. Klubun yaydığı sənədlər ödəmə qəbzləridi. Bunlar əsasında konkret cavab vermək mümkün deyil. Açığı, sizin sualınıza “Keşlə”nin paylaşdığı sənədlərə əsasən konkret cavab vermək mümkün deyil. Ola bilər ki, “İnter” hələ də fəaliyyət göstərsin. Amma buna rəğmən, varis olub-olmadığını sənədləri görmədən demək mümkün deyil. Vahid fikir formalaşdırmaq üçün mütləq təsis sənədləri əlimizdə olmalıdı. Klubların münasibətlərinə aydınlıq gətirmək lazımdı. “İnter”in öhdəliklərini “Keşlə”nin qarşılıyıb-qarşılamadığını bilmək lazımdı. Bunlar hamısı detallı araşdırılmalı məsələdi. Qəti fikir söyləmək olmaz. İndi nəsə demiş olsan, yalan danışacam. Ya da özümdən fikir yürütmüş sayılacam. Çünki əlimizdə təsis sənədləri yoxdu”.



Gördüyünüz kimi Fərid bəy konkret fikir səsləndirə bilmədi. Düzdü, bizi varislik məsələ ilə bağlı məlumatlandırdı. Amma sualımıza cavab tapılmadı. Məsələni hüquqi müstəvidə araşdırmağa qərar verdik. Tanınmış vəkil Mehman Muradlıya “Keşlə”nin yaydığı sənədləri göndərib, qanun pozuntusu olub-olmadığını soruşduq. Hüquqşünas məsələyə belə aydınlıq gətirdi:
 

“Sənədlərdən birinə baxmaq kifayət etdi. Burda məsələ belədi. Ödəməni edən “KEŞLƏ FUTBOL KLUBU İCTİMAİ BİRLİYİ”di. “İNTER PİK” isə MMC-di. Burda hüquqi varislikdən söhbət gedə bilməz. Yəni “Keşlə” “İnter”in hüquqi varisi deyil. “İnter” kommersiya qurumu olub. “Keşlə” isə İctimai Birlikdi, yəni qeyri-kommersiya qurumudu. Fərq açıq-aydındı. Ödəmədə hansısa problemli nəsə yoxdu. Hər şey qaydasındadı. Amma varislik məsələsi doğru deyil. İctimai Birlikdə hüquq varisliyi məsələsi yoxdu. Bundan söhbət belə gedə bilməz. Yenə deyirəm ki, ödəmələrdə hansısa problem yoxdu. Bir günə 5 ödəmə də edilə bilər. Əlində pul olur indi ödəyirsən, 2-3 saat sonra pulun olur, yenə ödəyirsən. Burda problemli nəsə yoxdu. Sadəcə, “Keşlə” kommersiya sirrini ictimaiyyətə açıqlamalı deyildi. Düzdü, “Keşlə” İctimai Birlikdi, bunu edə bilərlər. Amma “İnter PİK” üçün bu problemli məsələdi. Onları “Keşlə” nəzərə almalıydı. Amma yenə deyirəm, hüquqi varislikdən söhbət belə gedə bilməz”.



Gördüyünüz kimi, vəkil konkret izah etdi ki, ödəmələrdə hansısa problem yoxdu. Amma “Keşlə” “İnter”in varisi deyilmiş. Amma illərdi ictimaiyyətə belə deyilib və belə qəbul elətdirilib. Hətta indi belə “Keşlə” rəsmisi “İnter”in varisi olduqlarını dilə gətirir. Bu məsələ ilə bağlı araşdırmanı davam etdirəcəyik. ("Futbol plus")