Azərbaycanı 2020/21 mövsümündə Avropa Liqasında təmsil edəcək "Keşlə" komandası Bakını tərk edib.

Rekord.az xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.

Onun sözlərinə görə, dünən koronavirus testindən keçən komanda üzvlərindən heç birində infeksiya aşkarlanmayıb. Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv bu gün səhər saatlarında təlim-məşq toplanışı üçün Şamaxıya yola düşüb. Komanda tam heyətlə sözügedən bölgəyə yollanıb.

Şamaxı Olimpiya Kompleksində məskunlaşan kollektiv məşqlərini də orada edəcək. Paytaxt təmsilçisinin toplanış müddətində yoxlama oyunları keçirəcəyi gözlənilir.

Qeyd edək ki, "Keşlə" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 3-cü pillədə başa vurub.