Bu il ölkəmizi avrokuboklarda təmsil edəcək “Keşlə” hələ də baş məşqçisi Tərlan Əhmədovla yeni müqavilə bağlamayıb. Bu isə müxtəlif söhbətlərə yol açır. Xatirinizdədirsə, bir vaxtlar Zaur Svanadze ilə də eyni problem yaşanmışdı. Gürcü məşqçi komandanı avrokuboklara çıxarmasına baxmayaraq onunla yeni müqavilə imzalanmadı və avrokuboklardakı uğursuzluqdan sonra postundan göndərildi.

Lakin Rekord.az-a açıqlama verən klubun mətbuat katibi Murad Axundovun sözlərinə görə ortada hər hansı problem yoxdur.

Yəni yaxın günlərdə məsələ həll olunacaq: “Komanda hazırda Qəbələdədir. 3 günə iki yoxlama oyunu keçirilir, qrafik çox sıxdır. Qəbələ toplanışından sonra komanda Bakıya qayıdacaq və ondan sonra bütün xırda məsələlərə də nöqtə qoyulacaq. Təbii ki, Tərlan müəllimlə yeni müqavilə bağlanacaq və bununla bağlı ortada hər hansı bir problem yoxdur”.