Azərbaycan Premyer Liqasında mübarizə aparan klublarda koronavirusa yeni yoluxma faktları qeydə alınıb.

Rekord.az xəbər verir ki, “Keşlə”nin 10 futbolçusu koronavirusa yoluxub. Bu, sonuncu testlərdən sonra müəyyənləşib. Adları açıqlanmayan oyunçular karantinə alınıb.

“Sabah”da isə daha beş futbolçu koronavirisa yoluxub. Paytaxt təmsilçisində Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembanın testi müsbət çıxıb. Bundan əlavə Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriqes də aktiv xəstə idi.

“Neftçi”də də bir futbolçuda koronavirus aşkarlanıb. Son testlərdən sonra belçikalı yarımmüdafiəçi Sabir Buqrinin də infeksiyaya yoluxduğu bəlli olub. Paytaxt təmsilçisinin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin isə testi mənfi nəticə verib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi növbəti dəfə müsbət çıxıb. (Report)

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"la qarşılaşmalı idi, lakin görüş təxirə salınıb. "Keşlə" isə dekabrın 5-də "Səbail"lə qarşılaşmalı idi, lakin bu görüş də qeyri-müəyyən müddətə təxirə salınıb.