“Keşlə”də niyə maddi sıxıntı olsun?
- 12 Dek 2020 17:00
- 1030
Son günlər mətbuatda “Keşlə”də maddi sıxıntıların olması haqda məlumatlar dolaşır. Yazılanlara görə, paytaxt təmsilçisinin futbolçuları 3 aya yaxındır maaş almır. Deyirlər od olmayan yerdən tüstü çıxmaz. Adətən bu cür məlumatlar mətbuata elə klubun daxilindən sızdırılır. Hansısa futbolçu, klub nümayəndəsi açıq şəkildə deyə bilmədiyini mətbuata ötürür və adının çəkilməməsi xahişi ilə yaşananların işıqlandırılmasını istəyir. Güman ki, “Keşlə” ilə bağlı da vəziyyət bu cürdür. Ola bilsin rəqəm 3 ay yox, 2 və ya 1 aydır. Amma “Keşlə”də maaşla bağlı problem olması faktdır. Elə isə sual yaranır: niyə “Keşlə”də maaş sıxıntısı olsun?
“Keşlə” AFFA tərəfindən yaxşı dəstək alır. Məsələn, daha yaxşı çıxış edən “Sumqayıt”a 1-1.5 milyon manat büdcə ayıran federasiya “Keşlə”yə 6 milyon ayırır. Bundan başqa, klubun müşahidə şurasının sədri Zaur Axundov da öz şəxsi biznesindən kluba maliyyə ayırır. Belə olan halda klubda maddi sıxıntı olmamalıdır. Yay transfer dönəmində edilən transferlər də bunu göstərir. Futbolçular da mövcud duruma görə pis maaş almır. Məsələn, 8-10-12 min manat aylıq maaşdan söhbət gedir. Əgər klubun doğurdan da maddi sıxıntısı varsa, o zaman bu qədər transferlər hansı pulla edilir, bu qədər maaşı hansı pulla verilir? Yox, əgər həqiqətən də maddi sıxıntı varsa, o zaman niyə bu qədər transferlər edilib, futbolçulara belə yüksək maaş verilir? Hər iki sual konkret cavab gözləyir. Bəlkə rəhbərlik görüntü xatirinə sıxıntılar ört-basdır edib varlı klub imici yaradır? Çünki əksəriyyət bilir ki, Zaur Axundov ambisiyalı adamdır. Klubunda sıxıntı olsa da istəməz ki, ictimaiyyət bunu bilsin, onu sıxıntı çəkən klubun rəhbəri kimi tanısın. Bəlkə də AFFA vəd etdiyi vəsaitin heç də hamısını ona vermir, yaxud hissə-hissə verir. Çünki AFFA-dan maliyyələşən klublara birbaşa nəzarət edən Elxan Məmmədovun da öz mexanizmi var. O, bütün hallarda əsas diqtə edən şəxs olmalıdır. Bu mənada maliyyə ayırdığı klublara rəhbər təyin etsə də həmin rəhbərlərə tam səlahiyyət vermir. Ona görə ola bilsin, Məmmədovla Axundovun şəxsi maraqları da toqquşsun. İstənilən halda, fakt odur ki, hazırda klubda maddı sıxıntı var, futbolçular maaşlarını ala bilmirlər. Bu durum qısa zamanda həllini tapmasa, “Keşlə”nin yüksək pillələrdə qərarlaşması da qəlizləşəcək.
Anar XANLAROV