"Keşlə"də klubdaxili ab-hava heç də qaydasında deyil. Düzdür, komanda ölkə kubokunda finala çıxıb. Amma kubokun qazanılacağına heç kim zəmanət verə bilməz. Əgər kubok əldən çıxsa, "Keşlə" avrokuboklarsız qalacaq. Çünki çempionatda vəziyyət çox bərbaddı və komanda sonuncu pillədə qərar tutub.

Rekord.az-a daxil olan məlumata görə, Premyer Liqadakı uğursuzluqda klubdaxili çəkişmələrin də rolu var.

Belə ki, baş məşqçi Sənan Qurbanovla idman direktoru Ceyhun Soltanov heç cürə yola getmir. Bir-birlərinə qarşı münasibətləri də çox soyuqdur. Qurbanovun gəlişində heç bir əməyi olmadığı üçün Soltanov öz istədiyi futbolçuları da komandaya gətirə bilmir. "Neftçi"nin sabiq idman direktoru yaxın dostu olan Füzuli Məmmədovu "Keşlə"yə gətirmək istəyir. Lakin bunun baş verməsi üçün "Keşlə"nin kubokun finalında "Sumqayıt"a uduzması lazımdır.