AFFA «Keşlə»nin baş məşqçi postuna yeni namizədini müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, federasiya Şahin Diniyevin paytaxt təmsilçisinin sükanı arxasına keçməsini istəyir.

Sonuncu dəfə «Kəpəz»də çalışmış mütəxəssis ölkə kubokunun sahibi ilə əməkdaşlığa razılıq verib.

2017-ci ilin qışında Gəncə klubundan ayrılan, bir müddət sonra təkrar AFFA-nın Məşqçilər Komitəsinə dönən Diniyev, əslində, «Neftçi» ilə matçdan (3:0) sonra «Keşlə»də işə başlamalı idi.

Sadəcə, o, «Qarabağ»la qarşılaşmanı da gözləməyi lazım bilib. Çünki əksəriyyət kimi, Diniyev də «Keşlə»nin vitse-çempiona məğlubiyyətini proqnozlaşdırıb və debütünün uğursuz alınması riskini gözünün altına alıb.

Sabiq «bankirlər» Premyer Liqanın ilk 4 həftəsində yenilgiləri sıralayıb. Xal xanası boş olan «Keşlə» turnir cədvəlinin son pilləsində məskunlaşıb. (sportinfo.az)