"Komandada ab-hava yüksək səviyyədədir. Hər kəs bu oyunun məsuliyyətini dərk edir. Ona görə də hər bir oyunçu oyuna ciddi hazırlaşır".

Rekord.az xıbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Azər Salahlı Azərbaycan kubokunun finalında "Sumqayıt"la keçiriləcək oyun haqda danışarkən deyib.

27 yaşlı müdafiəçi sabahkı oyunu səbirsizliklə gözlədiklərini bildirib: "Məşqlər öz axarında davam edir. Birazdan "Sumqayıt"la oyunun son məşqinə çıxacağıq. Hər kəs sabahkı görüşün start fitinin səslənməsini gözləyir. Oyuna son dərəcə yüksək motivasiya ilə köklənmişik”.
 
"Keşlə" ilə müqaviləsi başa çatan futbolçu Rusiyanın bir neçə klubunda təklif aldığını qeyd edib: "Bir sıra klublar mənimlə yaxından maraqlanır. Rusiya Premyer Liqasında çıxış edən bir neçə klubdan təklif almışam. Yerli klublar da var. Amma mövsüm davam edir. Mövsümü layiqincə tamamlamaq istəyirəm. Bir müddətdən sonra təklifləri nəzərdən keçirib uyğun olanını dəyərləndirəcəyəm”.

Milli komandamızın üzvü yığmamızın qarşıdan gələn Türkiyə, Belarus və Moldova ilə yoldaşlıq oyunlarına da toxunub: "Yoldaşlıq görüşü olmasına baxmayaraq, çox vacib hesab edəcəyimiz görüşlərdir. Türkiyənin yaxşı heyəti var, onlara Avropa çempionatında uğurlar arzu edirəm. Hər 3 görüşə qələbə üçün çıxacağıq. Bu oyunlar bizim üçün çox vacibdir. Yalnız gözəl oyun və qələbə haqda düşünürük".