Ruslan Qurbanovla “Keşlə” arasındakı qalmaqal səngimək bilmir. Qısaca xatırladaq ki, klub rəhbərliyi adı çəkilən futbolçu ilə mövsümün sonunda başa çatan müqaviləni yeniləməyi lazım bilmədi. Futbolçuya çatacaq aylıq əməkhaqqı məsələsində razılığa gəlib yolları ayırsalar da, Ruslan müqavilə sənədində qeyd olunan “avrokuboklara vəsiqəyə görə 5 min manat mükafat” bəndini əsas gətirib “Keşlə”dən tələb etməyə başladı.


Məsələ ilə bağlı “qırmızılar”ın mətbuat katibi Murad Axundovla söhbətdə məlum olmuşdu ki, klubun futbolçuya heç bir borcu yoxdu, bütün öhdəliklər yerinə yetirilib. Əslində nonsensdi. Futbolçu “Keşlə”nin ona borclu olduğunu deyir, klub isə iddianı əsassız sayır. Vəziyyət bu cür olanda iki tərəfdən birinin yalan danışması dəqiqdi.


Pulunu tələb edən Qurbanov təmbəllik etməyərək sənədləri “feysbuk” səhifəsi vasitəsi ilə ictimaiyyətə təqdim edib. Deməli, məsələ necədi? “Keşlə” rəhbərliyi ötən mövsümdə 9 oyunun yekun nəticəsinə görə digər futbolçular kimi, sabiq yığma üzvünə də mükafat verib. Oyunlar və mükafatların məbləği ilə tanış olun:

 


“Sabah” – “Keşlə” 800 manat
“Qəbələ” – “Keşlə” 800 manat
“Keşlə” – “Zirə” 1600 manat
“Keşlə” – “Qəbələ” 1200 manat
“Keşlə” – “Neftçi” 2300 manat
“Keşlə” – “Sumqayıt” 1500 manat
“Qarabağ” – “Keşlə” 800 manat
“Qəbələ” – “Keşlə” 300 manat
“Keşlə” – “Zirə” 1000 manat

 


Klubun Müşahidə Şurasının sədri Zaur Axundovun lazım olan ünvana təqdim etmək üçün imzaladığı arayışda Qurbanov Ruslan Eldar oğluna ümumilikdə 10300 manat ödənilməsi ilə bağlı qeyd əksini tapıb. Yəni klub rəhbərliyinin iddiasına görə, avrokuboklara vəsiqə üçün nəzərdə tutulan pul mükafatı elə budu.
Aldığı məktubu gülüşlə qarşılayan və klub rəhbərliyini qeyri-səmimilikdə günahlandıran Ruslan müqavilə sənədindəki müvafiq bəndi təqdim edib. Yazılıb: “Keşlə” FK premyer-liqa yarışlarında 1-ci yeri tutduqda 5000 manat, kubokun qalibi olduqda 5000 manat, Avropa miqyaslı yarışların təsnifat mərhələsinə vəsiqə qazandıqda 5000 manat məbləğində Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi əsasında manatla köçürmə yolu ilə bank hesabına mükafat kimi ödəyir”.
Həmin bənddə çempionluqla digər mükafatçı yerlərə nəzərdə tutulan mükafatın məbləğinin eyni tutulması ilə işimiz yoxdu. Adamlar çempionluğa da 5000 manat nəzərdə tutublar, avrokuboklara vəsiqəyə də. Nə isə...
Yazılanlardan da göründüyü kimi, avrokuboklara vəsiqənin konkret məbləği olub: 5000 manat. Yəni mövsüm başa çatandan sonra həmin pul futbolçulara çatmalıdı. Oyunlardan sonra verilən pullar isə həvəsləndirici para sayılır, el arasında ona “premiya” deyilir. Yəni hara fırladırsan-fırlat, Ruslan bu məsələdə haqlı tərəfdi. Adam mövsümboyu əziyyət çəkib, qollar vurub, məhsuldar ötürmələr verib, indi də sənəddə göstəriləni tələb edir. ("Futbol plus" qəzeti)