"Keşlə"nin qapıçısı peşmadı: "Bilsəydim belə olacaq, gəlməzdim" MÜSAHİBƏ
- 26 Apr 2020 16:00
- 764
Rekord.az xəbər verir ki, “Qəbələ”nin ispan yarımmüdafiəçisi Fernan Lopes kimi, “Keşlə”nin moldovalı qapıçısı Stanislav Namaşko da hazırda vətənindədir.
Çempionat oyunlarının təxirə salınması ilə bağlı verilən qərardan dərhal sonra yaxınlarına baş çəkmək üçün Moldovaya yollanan təcrübəli qolkiper Bakıya qayıda bilmir.
Futbolun nə vaxt bərpa olunacağı bilinmədiyi kimi, hava yollarının nə vaxt açılacağı da naməlumdu. Namaşko ilə söhbətdə “gedəndə qayıda bilməyəcəyini düşünmürdün” sualına aydınlıq gətirmək istəsəm də, söhbətimiz bir az geniş alındı (Futbol+).
- Azərbaycanda həyat dayanıb. Siz tərəflərdə nə var, nə yox?
- Moldovadayam, dəqiq desəm, doğma şəhərim Tiraspolda. Hamı kimi məşq edir, formamı qorumağa çalışıram. O ki qaldı bizdəki vəziyyətə, hər yerdə olduğu kimidi. Karantin rejimi elan olunub, insanlar da buna uyğun addım atmağa çalışır. İş yerlərinın, demək olar, hamısı bağlanıb, yalnız bəzi dövlət orqanları çalışır. Mayın 1-nə qədər insanların evdən bayıra çıxması konkret qadağan olub. Yalnız olduqca vacib işlərə görə harasa çıxmaq icazəsi verilir. Düzdü, Azərbaycandakı kimi SMS xidməti yoxdu. Hər tinbaşı polislərdi, yoxlayırlar, lazımsız yerə evdən çıxanları geri qaytarırlar. Xüsusən də yaşlı insanlara qarşı həssas davranırlar. İctimai nəqliyyatın, eləcə də fərdi maşınların hərəkəti də dayandırılıb. Dediyim kimi, yalnız zərurət yarananda evdən çıxmaq olar. Sərt rejimə baxmayaraq, bəzən kimlərinsə qadağalara riayət etmədiyi aşkara çıxır. Mentallıq məsələsidi (gülür).
- Ölənlərin və xəstəliyə yoluxanların sayı ilə bağlı durum necədi?
- Ölənlər var, amma başqa ölkələrdəki qədər çox deyil. Əsasən yaşı 60-dan yuxarı olanlardı. Virusa yoluxanlar isə dərhal müalicə almağa göndərilir.
- Çoxdan Moldovadasan?
- Martın 14-də gəlmişəm.
- Sən gedəndə nəzarət bu dərəcədə güclü deyildi. Çox güman, vəziyyətin ciddiləşəcəyini hiss edib vaxtında “aradan çıxdın”.
- Yox-yox, qətiyyən! Əksinə, belə olacağını bilsəydim, gəlməzdim. Açığı, Moldovaya gəlmək planım əvvəldən var idi. Və buna görə 2-3 həftə əvvəldən təyyarə bileti bron etmişdim. Martın 14-də “Sabah”la oynamalıydıq, bir həftə sonra “Səbail”lə. Bundan sonra çempionatda yığmaların oyunları ilə bağlı ikihəftəlik fasilə yaranacaqdı. Əvvəldən planımı belə qurmuşdum ki, “Səbail”lə matçdan sonra evə gəlim, 4-5 gündən sonra qayıdım. Onsuz da bir neçə günlük istirahət imkanı veriləcəkdi. Lakin ayın 13-də qarşıdakı iki turun oyunlarının təxirə salınması açıqlandı. Bunu bilən kimi biletin vaxtını ayın 14-də dəyişdim ki, 23-nə qədər Bakıya qayıdım. Mən bura gələndən sonra hava yolları bağlandı, uçuşlar təxirə salındı. Yəni məndən asılı olan iş deyildi. Bilsəydim belə olacaq, gəlməzdim.
- Belə başa düşürəm ki, səfərin ürəyincə olmadı.
- Ürəyimcə olmadı deyəndə ki, məni narahat edən bütün işlərdəki qeyri-müəyyənlikdi. Gələcəklə bağlı konkretlik yoxdu. Çempionat nə vaxt bərpa olunacaq, yollar nə vaxt açılacaq, açılandan sonra durum necə olacaq – bu kimi suallara görə narahatlıq keçirirəm. Çempionatda isə kifayət qədər vacib oyunlarımız qalıb.
- Klub rəhbərliyi ilə baş məşqçinin sənə münasibəti necədi?
- Əvvəl necəydisə, indi də elə. Özləri də yaxşı başa düşür ki, mənlik bir şey yoxdu. Mən biletimi gedib-qayıtmaq şərti ilə almışdım. Həmin vaxt yolların bağlanacağı ilə bağlı heç bir məlumat yox idi. Bir var, sabah nə olacağını bilə-bilə addım atasan, bir də var, sən addım atandan sonra hər şey dəyişsin. Ona görə də bir-birimizi anlayışla qarşılayırıq.
- Komandanın onlayn məşqlərində iştirak edirsən?
- Əlbəttə, edirəm. Moldovada olsam da, “Keşlə”nin üzvüyəm. Orda başverənlərdən, söylənilənlərdən dərhal xəbər tuturam. Həmçinin onlayn məşqlərə qoşuluram. Bununla yanaşı, özüm də fərdi məşq edirəm.
- Çempionatın gələcəyi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Mövsümü indiki kimi bitirmək variantı irəli sürülür. Həmçinin başa çatdırılması və yarımçıq dayandırılması variantları da var. Hansının tərəfdarısan?
- Yarımçıq dayandırılmanı qətiyyən dəstəkləmirəm. Sözün düzü, mən çempionatın indiki halda başa çatmasının tərəfdarıyam. Yəni 20 turun yekununa görə medalçılar müəyyənləşsin. Amma bunu yalnız mən istəyə bilərəm, turnir cədvəlində bizdən aşağıda olan komandalar üzvləri istəməz, anlaşılandı.
- Həmkarlarının əksəriyyəti idman prinsiplərinin pozulmasını istəmir. Sən niyə indiki şəkildə başa çatdırılmasının tərəfdarısan?
- Vaxt çox olsaydı, əlbəttə, mən də çempionatın başa çatdırılmasını istərdim. Necə deyərlər, güclü olan qalib gəlsin. Ancaq bundan sonrakı vəziyyətə baxın. Aprelin 21-di və hələ də çempionatın nə vaxt bərpa olunacağı bilinmir. Ən yaxşı halda mayın ortalarında nəsə ola bilər. Bu isə o deməkdi ki, iki ay futbolsuz qalandan sonra yenidən yaşıl meydanlara qayıtmalıyıq. Bunun üçünsə 2-3 həftəlik toplanış kifayət etməyəcək. Baxın, qış fasiləsində cəmi iki həftə dincəlirik. Qayıdandan sonra üçhəftəlik toplanış keçir, yoldaşlıq oyunlarına çıxırıq ki, formamızı bərpa edək. Buna baxmayaraq, ilk oyunlarda hələ tam hazır olmadığımız görünür. Yəni ikihəftəlik futbolsuzluğu qısa müddətdə aradan qaldırmaq olmur. İndi isə iki ay futbolsuz qalandan sonra 2-3 həftəlik məşqlərlə, həm də lazımi sayda yoldaşlıq görüşləri keçirmədən çempionat matçlarına çıxmalıyıq. Bunun biz futbolçulara hansı çətinlik yaradacağını demək artıqdı. İki ay futbolsuz qal, evdən bayıra çıxma və cəmi 2 həftəlik hazırlıqdan sonra çempionatın həlledici mərhələsinə qədəm qoy. Çox çətin olacaq, çox. Bu hələ işin görünən tərəfidi. Daha bir problem sonra yarana bilər.
- Hansı problem?
- Təqvimlə bağlı problem. Deyək ki, çempionatı iyunun sonu, ya da iyulun əvvəlində başa vurduq. Ardınca avrokubok oyunları başlayır, sonra da növbəti çempionat. Yəni 1-2 ayın içində bunları çatdırmaq lazımdı. Razıyam, Avropanın aparıcı futbol ölkələri üçün bu adi haldı. Onlar sıx qrafikdə oynamağa öyrəşiblər. Çempionat başa çatır, Avropa çempionatına yollanırlar, ordan çıxıb avrokubok matçlarında iştirak edirlər, daha sonra Superkubok görüşü, müxtəlif kubokların finalları, ardınca da yeni çempionat. Amma biz heç vaxt belə qrafiklə oynamamışıq. Ona görə də ciddi çətinliklər yaranacaq.
Bizim işimiz futbol oynamaq, müqavilə öhdəliklərini yerinə yetirməkdi. Necə olacağını futbol mütəxəssisləri, federasiya rəhbərləri və baş məşqçilər öz aralarındakı söhbətdə müəyyənləşdirəcəklər. Biz futbolçular isə verilən hər qərara hörmətlə yanaşıb, deyilənlərə əməl edəcəyik.