Ötən mövsümün sonunda "Keşlə"dən ayrılan Denis Silva Kruz sportinfo.az-a müsahibə verib. Rekord.az xəbər verir ki bir neçə gün öncə ölkəsinin "San-Kaetano" klubu ilə müqavilə bağlayan braziliyalı müdafiəçi maraqlı fikirlər səsləndirib.

 

- Bu yaxınlarda özünə yeni klub tapdın. Demək olar ki, "San-Kaetano" futbolçu karyeranda sonuncu komanda olacaq?

- "San-Kaetano" elə bir addır ki, bunu Braziliyada hamı tanıyır. Vaxtilə böyük klubların sırasında olub. İndi yenidən elitaya qayıtmaq istəyir. Bu, mənim üçün faydalı sınaq olacaq. Şadam ki, yeni macərada mən də varam. Komandanın yuxarı səviyyəyə qalxması üçün əlimdən gələni edəcəm. Buranın mənim üçün sonuncu klub olub-olmayacağını isə indidən demək çətindir.

- Necə oldu ki, bu komandaya keçdin?

- Əvvəllər birlikdə işlədiyim məşqçi var. İndi menecerliklə məşğul olur. Braziliyaya qayıtdığımı bilirdi və mənə onunla işləməyi təklif etdi. Beləcə, keçid reallaşdı.

- "Keşlə"dən ayrılandan sonra 4-5 ay klubsuz qaldın. Ancaq Braziliya mətbuatına açıqlamanda demisən ki, fiziki formam idealdır, özümü əla hiss edirəm...

- Hə, bir neçə ay fərdi məşqlər etdim. Amma təbii ki, bu, komanda ilə birlikdə keçdiyin hazırlıq kimi ola bilməz. Müqaviləni yeni bağlasam da, "San-Kaetano"da məşqlərə çoxdan başlamışdım. Artıq yeni mövsümə hazırlaşıram.

- Azərbaycanda 11 il oynadın. Uzun müddət yaşadığın yerdən ayrılmaq elə də asan olmur. Ölkəmizi tərk edəndə kövrəldin?

- Darıxmamaq mümkün deyil. Sizin də dediyiniz kimi, 11 il Azərbaycanda yaşamışam. İkinci vətənimiz hesab etdiyimiz ölkədə gözəl xatirələrimiz var. Əlbəttə, oradan ayrılanda pis oldum. Amma futbolçu həyatı belədir. Çox dəyişikliklər olur, hər birinə uyğunlaşmalıyıq.

- Xanımın və qızın da Bakını çox sevir. Onların ayrılıq qərarına reaksiyaları necə oldu?

- Onlar daha çox pis oldular. Həyat yoldaşım hər gün məndən soruşur ki, nə vaxt qayıdacağıq. Qızım Bakıda doğulub. İlk addımları, ilk sözləri, ilk məktəbi, ilk dostları orada olub. Onun Bakı ilə daha güclü bağları var. Bir neçə dəfə ağladı. Amma sonradan başa düşdü ki, mənim işimə görə bunu etməliyik.

- "Keşlə"dən yaxşı ayrılmadın. Orada indi də əlaqə saxladığın insanlar var?

- Yalnız dostlarımla əlaqə saxlayıram. Məsələn, komandanın massajçı-həkimi Anarla tez-tez görüntülü danışırıq. Hər dəfə danışanda digər massajçı Fəhman haqda pis sözlər işlədirəm. Təbii ki, zarafatla (gülür).

- Keçmiş komandanın oyunlarını izləyə bilirsən?

- Açığı, burada oyunlara baxmaq çətindir. Ancaq çempionatdakı nəticələrindən xəbərim olur.

- "Keşlə" qış fasiləsinə 3-cü pillədə yollandı. Ötən mövsüm sonuncu olan komandanın bu il belə çıxış etməsi sənə təəccüblü gəlmir?

- Xeyr, təəccüblü deyil. "Keşlə" yeni futbolçuların gəlişindən sonra yaxşı komanda olub. Sezar Meza Kollinin qayıdışı isə komandaya əlavə güc qatıb. Ümumiyyətlə, Sezar fərq yaradan oyunçudur.

- Səncə, "Keşlə" niyə ötən mövsüm sonuncu yeri tutdu?

- Bunu izah etmək çətindir. Çünki onda da yaxşı komandamız var idi. Amma müsbət nəticələr qazana bilmirdik. Komanda psixoloji gərginlik içindəydi, bəlkə də buna görə.

- Denis, iddiaya görə, Zaur Axundov futbolçuları söyür, onlarla kobud davranır. Bu, nə dərəcədə doğrudur? Ümumiyyətlə, sənin özün nə vaxtsa belə bir hadisə ilə üzləşmisən?

- Bəli, dəfələrlə belə hadisələrin şahidi olmuşam. Çünki mənim özümün də başına gəlib. Hətta təhqirə görə Axundovla dalaşmışam. Komandada bu cür münasibəti sevməyən futbolçular var. Bəziləri isə ümumiyyətlə buna əhəmiyyət vermirdilər. Belə bir vəziyyətdə "Keşlə"də oynamaq çox ağır idi. Çünki Azərbaycanda hər şeyi öz xidmətim və layaqətimlə qazanmışam. Bu cür münasibətə layiq deyildim. Çox məyus olmuşdum. Başqasını incitmək, təhqir etmək ədalətsizlikdir.

- Axundovun baş məşqçinin işinə qarışdığı, heyəti özünün qurduğu da iddia olunur...

- Komandanın nəticələrindən belə qənaətə gəlmək olar ki, artıq vəziyyət əvvəlki kimi deyil (gülür). "Keşlə"yə yalnız uğurlar arzu edirəm. İnanıram ki, komanda daha ciddi nailiyyətlər qazanacaq.

- Necə düşünürsən, "Keşlə"yə daha 1-2 il xeyir verə bilməzdin?

- Artıq hər şey keçmişdə qaldı. Mənim "Keşlə" ilə hekayəm başa çatdı. İndə mən başqa yerdə, "Keşlə" isə başqa futbolçularla yeni tarix yazmalıdır.

- "Keşlə"nin heyətində ən yaxşılardan biri olmusan. Oradan göndərilməyin səni düşündürmədi?

- Məncə, baş məşqçi özü də gördü ki, mən daha orada xoşbəxt deyiləm. Buna görə müqaviləni uzatmamaq qərarına gəldi. Amma xəbərdarlıq edəndə, məni daha komandada istəmədiklərini bildirəndə üzüldüm. Bakıda idim. Düşünürdüm ki, ən azından ofisə dəvət edib, bunu mənə orada deyəcəklər və səbəbini izah edəcəklər. Həmin vaxt özümü hər zaman komanda üçün mübarizə aparan oyunçu kimi yox, pis futbolçu kimi təsəvvür etdim. İndi isə xoşbəxtəm. Yaşadıqlarım o qədər də ağır gəlmir.