"Keşlə"nin "stadion-stadion" oyunu
- 06 Dek 2019 12:00
- 1554
"Keşlə" futbol ictimaiyyətini və azarkeşləri barmağına doladı. Uzun müddətli fasilədən sonra bir süni örtüyü söküb yerinə başqa süni örtük döşədilər. Bu prosesi də elə təqdim etdilər ki, sanki Hollandiyadan təbii toxum gətirib təbii örtük salıblar. Bir süni örtüyü döşəmək nə böyük, nə matah iş oldu? Bu müddətə camaat təbii örtük salır və üstünə çıxıb futbol da oynayır.
Əvvəl deyildi ki, noyabrın 9-da "Neftçi" ilə oyunda açılış olacaq. Hətta o da deyildi ki, "Bayraq günü" münasibəti ilə təntənəli açılış tədbiri də olacaq. Sonra məlum oldu ki, örtük bərkiməli və yapışmalıdır. Yağışlı havalar isə buna imkan vermir. Ona görə də açılış baş tutmadı. Amma bildirdilər ki, noyabrın 24-də "Sumqayıt"la oyuna kimi arena 100 faiz hazır olacaq. O da olmadı. Hələ "Kəpəz"lə dekabrdakı kubok oyunu da başqa stadionda oynanıldı. İndi də məlum olur ki, yeni qazonun açılışı 2020-ci ildə baş tutacaq.
Bax belə... Bu da "Keşlə" rəhbərliyinin ictimaiyyətlə "qazon-qazon", "stadion-stadion" oyunu. Bu oyun, bu şou kimə lazım idi, bilmədik. Noyabrda açılıışı planlaşdırılan qazon süni olduğu halda, hansı problemi ola bilər ki, bu açılış 2020-ə qədər uzadılsın?
Ya rəhbərlik həqiqətən də işin uzanacağını bilib və buna rəğmən ictimaiyyətə yalan vəd veriblər, ya da qazon dəyişdirilməsi prosesindən tamamilə uzaqdılar. Səbəb nə olur-olsun, ortada bir yalan var. Yalan isə heç də yaxşı şey deyil və etibarı itirir.