"Keşlə"nin uğursuzluğuna səbəb Tərlan Əhmədovunun yoxluğu idi? SORĞU
- 31 Avq 2020 18:00
- 892
Avroliqanın 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayan “Keşlə” və “Sumqayıt”ın mübarizəni dayandırması azarkeşləri üzdü. Əsasən gənc futbolçulardan formalaşdırılan, yayda bir neçə əsas futbolçusunu itirən “Sumqayıt”ın və oyuna qısa müddət qalmış Tərlan Əhmədovu Yunis Hüseynovla əvəzləyən “Keşlə”nin büdrəməsi haqda müxtəlif fikirlər səslənir. Biz isə mütəxəssislərə tribuna verdik. Məğlubiyyətin günahını kimin üzərinə yükləməliyik: baş məşqçinin, rəhbərliyin, yoxsa futbolçuların?
Ilk müraciət etdiyimiz mütəxəssis Əfqan Talıbov oldu:
“Uğursuz nəticələrin əsas səbəbi ölkədə uzun müddətdi futbol yarışlarının keçirilməməsidi. Komandalar 6 aya yaxındı rəsmi oyunlara çıxmır, futbolçular lazımi məşqlər edə bilmirdilər. Bir daha gördük ki, komandalar meydanda çətinlik çəkirlər. Altı ay qısa müddət deyil. Onsuz da səviyyəsi yetərincə aşağı olan çempionatla bağlı bu qərar vəziyyəti bir az da qəlizləşdirdi. Futbolçular fiziki cəhətdən çatdırmırdılar, hazır deyildilər, anlaşma zəif idi. Futbol komanda oyunu olmaqla yanaşı, futbolçuların fərdi ustalığının əsas rol oynadığı oyundu. Lazım gələndə oyunun gedişində futbolçunu meydana buraxaraq, onun fərdi ustalığından yararlanmaqla hesabda önə keçmək lazımdı. Amma bizim komandaların heyətində belə futbolçu yox idi. “Sumqayıt” məğlub olsa da, rəqibi ilə başabaş mübarizə apardı, sadəcə, fərdi ustalıq səviyyəsi çatmadı. “Neftçi” də rəqib azlıqda qalandan sonra qol vurdu. Lakin müdafiədə ciddi səhvlər gördük. Bunun nəticəsi kimi oyunun sonlarında qol buraxaraq, bizi həyəcanlandırdı. “Keşlə”də isə vəziyyət daha fərqli idi. Komandanın rəqibi azlıqda qalmışdı və bundan istifadə etməliydi. Komanda o anda mütləq 1 qol vuraraq, hesabda önə keçməliydi. O anı dəyərləndirməmək sonda nəticəyə təsir göstərdi. Penalti seriyası “lotereya”dı, nə olacağını bilmək olmaz. Oyunu penalti seriyasına aparmaq lazım deyildi. “Keşlə”nin məğlubiyyətinin üç əsas səbəbi var. Birincisi, martdan bəri futbol oyunlarının keçirilməməsi. İkincisi, çempionat ərəfəsində baş məşqçi ilə yolların ayrılması. Komanda avrokuboklara başqa məşqçiylə hazırlaşıb, yeni baş məşqçiylə oyunlara çıxdı. Üçüncü səbəb isə futbolçularla bağlı idi. Onlar arasında anlaşma yox idi. Oyunun taleyini dəyişəcək futbolçular da yox idi.
“Qarabağ” da 1-ci təsnifat mərhələsində “Sileks”i mübarizədən kənarlaşdırdı. Bu komanda Şimali Makedoniya çempionatının ikincisi olub. Biz çempion “Vardar”ın gücünü bilmədik. Üçüncü mərhələdə rəqib daha çətin olacaq. Bu mövsüm mübarizəni davam etdirən klublarımızın işi daha mürəkkəbdi. Ümumilikdə gördük ki, Şimali Makedoniya, Albaniya kimi ölkələrin futbolu ilə bizim futbolun səviyyəsi eynidi. Səviyyə olaraq onları üstələməliydik, amma bu oyunlar göstərdi ki, səviyyə eynidi, ciddi fərq yoxdu. Ümumiyyətlə, öz futbolçularımızı yetişdirmək, üzə çıxarıb oynatmaq lazımdı. Dağıstandan, Rusiyadan Əlini, Vəlini tapıb gətirmək asandı.
Ağasəlim Mircavadov klublarımızın çıxışını belə dəyərləndirdi:
Oyunlardan əvvəl düşünürdüm ki, avrokuboklarda heç olmasa, üç təmsilçimiz mübarizəni davam etdirər, amma elə oldu ki, ikisi dayandı. “Keşlə” penalti seriyasında məğlub oldu, yəni oyunla uduzmadı. Penalti seriyası bəxtdi, amma buna hazır olmaq lazım idi. “Sumqayıt”a gəlincə, rəqib üstün idi. “Sumqayıt”da gənc futbolçular çoxdu, əsas futbolçulardan bir neçəsi gedib. Komandanın heyəti daha təcrübəli olsaydı, məncə, uduzmazdı. Amma bu oyun “Sumqayıt”ın gənc futbolçuları üçün böyük təcrübə oldu.
“Neftçi” qalib gəlsə də, elə də yaxşı təsir bağışlamadı. Oyun səviyyəsini artırmalı, sistemi yaxşılaşdırmalıdı. İndi vaxtları var, milli komandanın oyunu ilə bağlı fasilədi. Komanda bundan yaxşı istifadə etməlidi.
“Keşlə” və “Sumqayıt”ın məğlubiyyətinin səbəbini, günahkarını demək çətindi. Bir fikir var, komanda qalib gələndə futbolçular udur, məğlub olanda baş məşqçi uduzur. Amma belə deyil axı. Komandalar bilirdilər ki, mərhələ bir oyundan ibarətdi və ən əsası da o idi ki, 4 klubumuz da öz meydanında oynayırdı. Klub rəhbərliyi hazırlığı, komandanı daha yaxşı bilər. “Keşlə”yə hazırlığı Tərlan Əhmədov keçdi, amma oyuna günlər qalmış baş məşqçini dəyişdilər. Bu, rəhbərliyin işidi, mən fikir bildirə bilmərəm. Bir oyun belədi ki, hərtərəfli hazır olmalısan. Əsas da psixoloji cəhətdən. Komandalara vaxt lazımdı, xüsusilə də avrokuboklarda mübarizəni davam etdirənlərə. Bu fasilə də bunun üçün yaxşı fürsətdi. ("Futbol plus")