Kikboksinq üzrə Azərbaycan çempionatı keçiriləcək
- 19 May 2022 21:21
- 563
Mayın 20-də kişi və qadınlar arasında kikboksinq üzrə 26-cı Azərbaycan çempionatına start veriləcək.
Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışda ilk dəfə kikboksinqin “Full Contact” növü üzrə mübarizə gedəcək.
Buna səbəb avqustda Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında bu növ üzrə yarışın salınmasıdır.
Beləliklə, 26-cı Azərbaycan çempionatı “Low Kick” və “Full Contact” növü üzrə keçiriləcək. Kişilərdə hər iki növ üzrə doqquz çəki (51 kq, 54 kq, 57 kq, 60 kq, 63,5 kq, 67 kq, 71 kq, 75 kq, 81 kq, 86 kq, 91 kq, +91 kq), qadınlarda beş çəki dərəcəsində (48 kq, 52 kq, 56 kq, 60 kq, 65 kq) mübarizə reallaşacaq.
Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək yarışda ilkin mərhələyə sabah saat 09:00-dan etibarən start veriləcək. Saat 14:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.
Bu yarışın qalibləri İslamiadada Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.