Kinqsli Atakora: “Azərbaycanı özümə ikinci vətən sayıram” MÜSAHİBƏ
- 08 May 2021 12:27
- 933
Vaxtilə Azərbaycanda top qovmuş, “Xəzər Lənkəran”ın şərəfini qorumuş qanalı Kinqsli Atakoranın “Rekord.az”-a müsahibəsi.
- Salam, Kinqsli. Səni “Xəzər Lənkəran”dakı çıxışından tanıyırıq. Necəsən, hazırda nə işlə məşğulsan?
- Salam. Təşəkkür edirəm, yaxşıyam. Hər şey yaxşıdır. Hazırda Vətənimdə, Qanadayam. “KINGSLEY SPORTS AGENCY”-nin rəhbərlərindən biriyəm. Eyni zamanda, qardaşımla birlikdə idarə etdiyimiz “Kakraba” Futbol Akademiyamız var. Yəni, bir sözlə, futboldayam.
- Hələ də Azərbaycanla əlaqən varmı? Burda danışa biləcəyin dostların qalıbmı?
- Bəli, təbii ki, var. Mən bunu deyə bilərəm ki, Azərbaycanı özümə 2-ci vətən sayıram. Çox sevirəm bu ölkəni.
- Bunu eşitmək xoşdu. Qarabağda müharibə edib qələbə qazanmağımızdan xəbərin varmı?
- Bəli, çünki dostlarımla sıx əlaqədə idim. Qələbə xəbərlərini eşidəndə çox sevindirdim, xoşbəxt olurdum. Allah böyükdü!
- Çox gözəl. Azərbaycan macəran haqda danışaq. İlk gəlişin yadındadı? Necə alınmışdı ki, bura gəldin?
- Gözəl vaxtlar idi. İndiyə qədər hər şey çox yaxşı yadımdadı... Moldovada “Nistru”da oynayırdım. Orda qalib gəlib avrokuboklara vəsiqə qazanmışdıq. Təsnifat mərhələsində oyunlar zamanı məni görüb bəyənmişdilər. Təklif alandan sonra çox da düşünmədim.
- “Xəzər Lənkəran”a transfer olundun...
- Hər şey əla idi. Əla məkan, klubun əla idarəetməsi, əla təşkilatçılıq. Bir sözlə, hər şey super idi. Yadımdadı, mən orda oynayanda hər kəs deyirdi ki, “Neftçi” böyük klubdu. Mənə görə “Xəzər Lənkəran” ondan da super klub idi. Ölkəsinin ən yaxşıları, ulduzlar bizdə idi: Samir, Emin, Mahmud, Rəşad, Alim, İlqar və başqaları...
- Bəs azarkeşlər?
- “Xəzər Lənkəran” azarkeşləri ölümünə azarkeşlərdilər. Onlar klublarını çox sevir, son damla qanlarına qədər ona sadiq qala bilərdilər. Lənkəranda vacib oyunlardan biri yadımdadı. Dizimdən aldığım zədəni sağaltmaq üçün getdiyim Qanadan yeni qayıtmışdım. Azarkeşlər və mənim Atam, mənim Bossum, mənim Əzizim olan Mais Mənsimova hədiyyələr gətirmişdim. O, mənə tapşırdı ki, stadiona çıxaraq bir dövrə vurum və hədiyyələrin hamısını fanatlara verim. O da, mən də azarkeşləri sevirdik. Onlar üçün çox darıxıram. Düşünürəm ki, mənim Azərbaycandakı missiyam hələ bitməyib. Yarımçıq qalan işi bitirmək lazımdı. Hazırda Qananın istedadlı futbolçularını yetişdirmək, müxtəlif aşağı yaş qruplarında oynaması üçün çalışıram.
- Azərbaycandan niyə getdin?
- Hm... Zədə səbəb oldu. Dizimdən əməliyyat olunandan sonra bərpa üçün Qanaya qayıtmalı idim. Asan deyildi, bir dizdə 5 əməliyyat keçirmişdim. Mənim Atam Mais Mənsimov qayıtmağım üçün bilet almışdı. Gəldim, komandamıza yeni qoşulan baş məşqçimiz, azərbaycanlı mütəxəssislə görüşmək imkanım oldu. Amma o məni istəmədi və komandaya qoşulmağıma etiraz etdi.
- Məşqçi? Ağasəlim Mircavadov?
- Bəli. Düz bir ay komandayla eyni oteldə qaldım, amma məşqlərə qoşula bilmədim. Xoşdurum deyildi. Bu durum Mais Mənsimov mənə məşqə çıxmaq üçün şəxsən icazə verənə qədər davam etdi. İlk məşqim çox pis alındı. Yeni məşqçi özüylə bir müdafiəçi gətirmişdi. Köhnə komandasında birgə çalışmışdılar. İlk şansdaca zədəli ayağıma zərbə vuraraq bir daha onu əzdi. Çox ağır gün idi. Adam məni “cəhənnəm”ə geri göndərmək istəyirdi (gülür).
- Kim idi o?
- “Neftçi”dən gəlmişdi, məşqçiylə birlikdə.
- Abramidze?
- Hə, odu. Azərbaycandan deyildi.
- Gürcü, Valeri Abramidze.
- Hə. Birtəhər məşqlər etdim, sevimli klubumda qaldım. Bir müddət sonra milli komandaların oyunları səbəbindən fasilə oldu və mən Qanaya qayıtdım. Düz azərbaycan çempionatında yeni mövsümöncəsinə qədər. Düşünürdüm ki, biz hazırlıq üçün Avstriyaya yollanacağıq. Əslində, sağlamlığım yerində deyildi, özümü yaxşı hiss etmirdim. İş o yerə çatdı ki, mən Bakıya olan təyyarəmi qaçırdım... Hər şey də ondan sonra bitməyə başladı. Məşqçi kluba qoşulmağımı istəmədi.
- Bir neçə il sonra karyeranı bitirdin...
- Dizim çox ağrıyırdı. Liviyada oynamaq mənə rahat olardı, amma Suriyaya getməli, orda oynamalı oldum. Sonda isə Tailanda gedib karyeramı bitirdim. “Xəzər Lənkəran”da qala bilsəydim, hər şey çox əla olacaqdı, həkimlər mənə kömək edə biləcəkdilər. Orda bir yaşlı bir həkim vardı. Çox yaxşı həkim idi. Ümid edirəm ki, hələ də yaşayır, sağdı.
- Hə, Boris Xetaqurov. Həqiqətən də yaxşı həkimdi, ölkənin məşhurlarındandı. Şükür, sağdı.
- Buna çox sevindim.
- Kinqsli, təşəkkür edirəm, müsahibəyə görə. Son olaraq, azərbaycana, azarkeşlərə və burada səni xatırlayan hər kəsə son sözlərin varmı?
- Demək istədiyim yeganə şey budu: bizim cəmi bir Azərbaycanımız var! Hamı bir-birini sevməli, bilməlidi ki, Allahın gücü olmadan biz heç nəyik. Mənim sevimli “Xəzər Lənkəran” azarkeşləri və sevimli şəhərim Lənkəran isə deyirəm: tezliklə, bir daha görüşərik! İnşallah, “Xəzər Lənkəran” qayıdacaq və daha güclü olacaq. Hamınızı sevirəm. Sağ olun.
Kənan Məstəliyev