Klub sayı azdır və əvəzedici heyətdəki uşaqların əsas komandalara düşmək şansları yoxdur
- 16 Fev 2020 15:00
- 974
"Mən Vanqa deyiləm, gələcəyə baxa bilmədiyim üçün hansı ölkədən hansı məşqçinin millimizə lazım olduğunu söyləyə bilmərəm".
Rekord.az xəbər verir ki, bunu apasport.az-a Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
60 yaşlı mütəxəssis yığmanın boş qalan baş məşqçi postuna namizədlərlə bağlı məsələyə münasibət bildirib. O, komandaya hansı məşqçinin kömək edə biləcəyini açıqlayıb:
"Bilirsiniz, məsələ məşqçinin Rusiya, Türkiyə və ya başqa ölkədən olmasında deyil. Onsuz da, əcnəbinin mentaliteti fərqli olur. Burada əsas məsələ məşqçinin özü ilə bağlıdır. Yeni çalışdırıcı özünü millidə necə hiss edəcək, futbolçularımızın potensialını açmaq üçün nələr edəcək? Bu elə incə məqamdır ki, onu sözlə ifadə etmək olmur".
"Beşiktaş"ın sabiq baş məşqçisi Abdullah Avcının AFFA-nın təklifini dəyərləndirən Ponomaryov yerli mütəxəssisin təyinatının tərəfdarıdır: "Abdullah Avcı təklifi qəbul etməyib? Aydındır! Bilirsiniz, bu gün Azərbaycan millisi hansısa məşqçi üçün reytinqini yüksəldəcək yer deyil. Şəxsən mən yerlinin tərəfdarıyam. Çünki həmin məşqçi öz uşağına azarkeşlik edirmiş kimi yığmanı dəstəkləyəcək, komandanın inkişafı üçün əlindən gələni edəcək".
Sosial şəbəkələrdə bu posta İqor Ponomaryovu təklif edən azarkeşlər də az deyil. Hətta mütəxəssis özü də bundan xəbərdar olduğunu söyləyir: "Bəli, yazılanlardan xəbərim var, sosial şəbəkələrdə yazılanları oxuyuram. Amma həmin fikirlərə heç vaxt şərh vermirəm. Əslində, bu mövzu təkcə sosial şəbəkədə müzakirə edilmir. Küçədə insanlar məni saxladıb, bu haqda soruşurlar. Ancaq bunu heç kimlə müzakirə etmirəm. Bilirəm ki, məni Azərbaycan futbolunda görmək istəyən çox azarkeş var. Çox şadam ki, öz işimlə yaxşı xatirələr buraxmışam. Tezliklə 60 yaşım tamam olacaq, ayıq başlı insanam, illuziyaya qapılmıram".
Ponomaryov millinin güclənməsi üçün tələb olunan meyarları da açıqlayıb: "Futbolçularımızın ölkə xaricində, yaxşı çempionatlarda oynaması yaxşı olardı. Ancaq reallığı da nəzərə almaq lazımdır. 10 ilə yaxın Azərbaycan futbolunda yox idim. Üç ay çempionatda işlədim və reallıqları gördüm. Premyer Liqada çox komandanın olmasını istəyərdim,
14 komandalı çempionat yaxşı olardı. Məhz bu halda daha güclü rəqabət yaranar. Klub sayı azdır və əvəzedici heyətdəki uşaqların əsas komandalara düşmək şansları yoxdur.
Elə buna görə də onların inkişafı zəifləyir. Yalnız "Qarabağ" 7 ildir yüksək səviyyədə futbol nümayiş etdirir. Bu cür komandaların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Əgər belə olsaydı, millimiz də başqa cür nəticələr əldə edərdi".