Premyer-Liqanın ötən mövsümü koronavirus pandemiyası səbəbindən dayandırılmazdan əvvəl klublarımız təlim-məşq toplanışı üçün Qəbələni seçmiş, normal hazırlıq keçə bilmişdilər. Məkanın seçilməsində səbəb məhz bu şəhərdə sərt karantin rejiminin tətbiq olunmaması, eyni zamanda lazımi bütün müvafiq şəraitin olması idi. Klubun sərəncamında olan meydançalar, digər futbol infrastrukturu, həmçinin yüksək səviyyəli mehmanxanaların yaxınlığı da öz vacib rolunu oynamışdı. “Qəbələ” İK-nın bu baxımdan Azərbaycan futbolunun xilaskarı da desək, yanılmarıq.

 

Maraqlıdı, bəs qış mövsümündə də eyni addımın atılma ehtimalı varmı? Nəzərə alsaq ki, sərhədlər hələ bağlıdır və gediləcək ölkələrdə - əsasən Türkiyədə də yoluxma təhlükəsi yüksək olaraq qalır, klubların yaydakı fikrə yenidən gəlmə ehtimalları az deyil. Amma təbii ki, qışda Qəbələdə hazırlıq keçilməsi heç də ideal variant deyil. 

 

Hər halda, “Rekord.az” olaraq kluba müraciət etdik. “Klublarımız yayda olduğu kimi qışda da təlim-məşq toplanışını Qəbələdə keçirə biləcəklərmi, bunun üçün lazımi şərait və artıq indidən müraciət edənlər varmı” sualımıza cavab belə oldu:

 

“Qəbələnin qışı çox sərt keçir: qarlı, dumanlı hava daima özünü göstərir. Bu məsələdə əsas fikir məhz budu: bizdən yox, havadan çox şey asılıdı. Üstəlik, bizim yalnız əsas meydançanın isitmə sistemi var. Bir meydança ilə də hazırlığı tam keçirmək mümkün görünmür. Yaydakı kimi 8 komanda ora yığışarsa, bu işin öhdəsindən gəlmək çox çətin olar. Bununla yanaşı, cəmi bir qapalı meydançamız var, örtüyü sünidir. O da əvvəldən sonra qədər bir təlim-məşq toplanışını keçirməyə imkan verməz. Bir sözlə, hər şey havadan asılı olacaq. Hələ ki, düzü, müraciət edən də yoxdu. Həm də qış toplanışını harada, necə keçirmək barədə danışmaq üçün hələ tezdi. Çünki pandemiya şəraiti ortadadı, hər gün dəyişir, statistika sabit deyil. Gözləyək, görək qarşıdakı günlərdə klublar hansı qərarı verəcəklər. Yalnız bundan sonra birmənalı fikir bildirmək mümkün olacaq”.