Klublarımız bu qış böyük ehtimalla ölkə xaricində tolpanış keçməyəcək.

 

Rekord.az bununla bağlı bəzi məlumatlar əldə edib.

 

Bildiyiniz kimi, koronavirus səbəbindən çempionatın stabil təqvimi yoxdur. PFL bəzən hansısa oyunları, hətta turu belə, təxirə salır. Kubok oyunları məlum olduğu kimi, növbəti ilə keçirildi. Hansı ki, bu haqda eksklüziv olaraq bir neçə gün əvvəl məlumat paylaşmışdıq. Əvəzində dekabrın 24-ə tur təyin olunub. İndiyə kimi, bizdə belə hal olmayıb ki, dekabrın 24-ə qədər oyunlar keçirilsin. Yanvarın 20-də isə kubok oyunları start götürür. Göründüyü kimi, futbolçuların dincəlməsi üçün demək olar ki, zamanı olmayacaq. Makimum 1 həftə. İndiki qrafiklə klublar yanvarın ilk günlərində yenidən məşqləri bərpa etməlidir. Prinsipcə 10 günlük hansısa ölkəyə getmək olar. Məsələn, yanvarın 5-15 arası. Amma nəzərə alaq ki, ölkəmizdə sərt karantin rejimi hökm sürür və bu rejim yanvarın 31-ə kimi davam edəcək. Sərhədlər də hələ ki, bağlıdır. Yanvarın 18-ə kimi isə, ümumiyyətlə, qadağalar mövcuddur, sms sistemi fəaliyyətdə olacaq. Yəni durum heç də ürəkaçan deyil. Üstəlik, demək olar ki, bütün klublarımızda futbolçular arasında kütləvi yoluxma halları var. Bir sözlə, bu şərtlər altında hansısa klubun ölkə xaricində toplanış keçməsi mümkün sayılmır.