Klublarımızı azarkeş dəstəyindən məhrum etməyin
- 09 İyl 2021 13:00
- 653
"Neftçi" yaxşı oynamasa da, çətin də olsa, təcrübənin hesabına səfərdə Tbilisi "Dinamo"su üzərində vacib qələbə qazana bildi. Düzdür, səfər qolunun ləğv olunduğu dönəmdə qəti fikir söyləmək çətindir. Amma istənilən halda mərhələ keçmək şansı gürcülərdən daha çoxdur. Məni düşündürən başqa məsələdir. Yəqin ki, gördünüz, Gürcüstanda azarkeşlərin stadiona girişinə icazə verilmişdi. Bu gün keçirilən bir neçə digər oyunun da videogörüntülərinə baxdım, demək olar ki, Avropada vəziyyət bu cürdür. Hətta "Bode Glimt" - "Legiya" matçında stadion ağzına kimi dolu idi. Bizdə isə hələ də azarkeşlərlə bağlı heç bir qərar yoxdur. "Neftçi"yə üz tutursan, deyir ki, bizlik deyil, Operativ Qərargah baxır bu işlərə. Ora da bizim rəsmi müraciət hüququmuz yoxdur. "Sumqayıt" da eyni sözü deyir. Yəqin ki, müraciət etsək, "Qarabağ"la "Keşlə" də fərqli fikir söyləməyəcək. Rəsmi müraciət hüququ olan AFFA isə hələ də susur. Onlar da söz düşən kimi deyir ki, dövlətin qərarlarına hörmət və əməl edirik. Sanki azarkeşlə bağlı OQ-a müraciət etmək dövlətin qərarlarına hörmətsizlikdir. Mən biliriəm ki, OQ-a rəsmi müraciət olunmasa, pandemiyanın sonuna kimi, onların yadına azarkeş düşməyəcək. Gərək bunu onların yadına salasan. Çünki bizim klublar üçün indiki halda azarkeş dəstəyi çox vacibdir və bunu təmin etmək lazımdır. Çünki bütün rəqiblərimizin təmsil etdiyi ölkələrdə azarkeşlərə qoyulan qadağa aradan götürülüb. Bir tək bizdə bunu saxlamağın nə mənası var? Hələ üstəlik vəziyyətin stabil olduğu deyilir, Avropa çempionatına 30 min azarkeşin gəlişinə təminat verilir. Məsələn, "Neftçi" bu mərhələni keçsə "Olimpiakos"la qarşılaşacaq. Yəni gedəcək "vəhşilər"in içinə. Yunan azarkeşlərini xüsusu təqdim etməyə ehtiyac yoxdur. Onlar "Olimpiakos"un 12-ci yox, 15-ci oyunçusuna çeviriləcək. Eyni sözü "Sumqayıt"ın səfər edəcəyi Serbuya və çılğın serb azarkeşləri haqqında da demək olar. Bunun qarşılığında biz "Neftçi"ni Bakıda, "Sumqayıt"ı isə Sumqayıtda boş tribunalar önündə oyuna çıxarsaq, onların şanslarını öz əlimizlə öldürmüş olacağıq. Eləcə də "Qarabağ" və "Keşlə"ni evdə azarkeşsiz qoymaqla onlarln rəqibləri önündəki üstünlüyünü əllərindən almış olacağıq. Ürəkli ol, AFFA, hərəkətə keç. Vacib deyil, pivə satışı olsun. Bir dəfə də azarkeşləri, ölkə futbolunun imicini düşünün. Müraciət edib Operativ Qərargaha və əminəm ki, müraciət etsəniz, azarkeşlə bağlı icazə ala bilərsiniz. Ən azı stadionun tutumunun müəyyən faizi qədə\r. Müraciət edin, klublarımızı azarkeş dəstəyindən məhrum etməyin.
Anar XANLAROV